AZ

Azərbaycanlılar 3 virtual qumarın girovluğunda

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycanda son illər onlayn qumar və virtual kazino oyunları sürətlə yayılaraq ciddi sosial problemə çevrilməkdədir. Əyləncə və maraq xatirinə başlayan bir çox vətəndaş qısa müddətdə bu platformaların asılılığına düşür, nəticədə ailə münasibətləri pozulur, maliyyə problemləri dərinləşir, bəzən isə bu proses cinayət və hətta intihar halları ilə nəticələnir. Hazırda Azərbaycanda onlayn kazino fəaliyyətinə rəsmi icazə verilməyib. Buna baxmayaraq, xarici platformalar, xüsusilə Mostbet, 1xBet və Pin-Up kimi saytlar ölkə vətəndaşları üçün hələ də əlçatandır. Bu platformalar müxtəlif üsullarla, məsələn, sosial şəbəkələrdə reklam, “mirror” saytlar, VPN vasitəsilə giriş və mobil tətbiqlər vasitəsi ilə istifadəçilərə çatır. Nəticədə texniki bloklamalar tətbiq edilsə belə, istifadəçilər alternativ ünvanlar vasitəsilə yenidən bu saytlara daxil ola bilirlər.

Ekspertlər bildirirlər ki, bu saytların əsas təhlükəsi yalnız pul itkisi deyil. Onlar psixoloji asılılıq yaradan mexanizmlərdən istifadə edirlər. Davamlı bonuslar, “pulsuz spin”lər və sürətli uduş vədləri istifadəçiləri sistem daxilində saxlamağa hesablanıb. Psixoloqlar qeyd edir ki, qumar asılılığı artıq dünya miqyasında ciddi psixoloji problem kimi qəbul edilir. Mütəxəssislər dəfələrlə bildiriblər ki, qumar asılılığı insan beynində dopamin mexanizmini aktivləşdirir və nəticədə bu, narkotik və ya alkoqol asılılığına bənzər psixoloji bağlılıq yaradır. İnsan uduzduqca itirdiyini geri qaytarmaq üçün daha çox pul qoyur və nəticədə borc bataqlığına düşür.Belə hallarda ailə münasibətləri də ciddi zərbə alır. Bir çox ailələrdə gizli kreditlər, borclar və maliyyə böhranı məhz virtual qumar səbəbindən ortaya çıxır.Texniki mütəxəssislərin fikrincə, bu saytların tam bloklanması müəyyən çətinliklər yaradır. Çünki platformalar tez-tez domen dəyişir, “mirror” saytlar yaradır və istifadəçilərə alternativ giriş yolları təqdim edir.İT mütəxəssisi Fərhad Mirəliyevin fikrincə, virtual qumarla mübarizədə ən effektiv üsullardan biri maliyyə kanallarının məhdudlaşdırılmasıdır: “Onlayn mərc və qumar platformalarının bloklanması texniki baxımdan mümkündür. Bu, həm DNS (Domain Name System) ünvanları, həm də IP ünvanları vasitəsilə həyata keçirilə bilər. Lakin məsələ təkcə texniki bloklama ilə məhdudlaşmır.Burada əsas sual ondan ibarətdir ki, bu mərc oyunlarında iştirak edən şəxslər sistemə pulu necə daxil edir və qazandıqları vəsaiti necə çıxarırlar. Artıq məsələ elektron pul kisələri və digər maliyyə alətləri ilə bağlıdır. Baxmayaraq ki, bu fəaliyyətlər qanunvericiliklə qadağandır, vətəndaşlar xaricdə yerləşən, xarici rezident olan mərc və lotereya platformalarına müxtəlif maliyyə vasitələri ilə rahat şəkildə pul göndərə, depozit edə və qazandıqları məbləği geri çəkə bilirlər”.

Ekspert qeyd edib ki, bu vəziyyət müəyyən boşluqların mövcudluğuna işarə edə bilər: “Bunun hansı mexanizm vasitəsilə həyata keçirildiyini dəqiq demək çətindir. Lakin fakt ondan ibarətdir ki, maliyyə vəsaitləri hansısa kanallarla həmin platformalara daxil olur və oradan da çıxarılır”. Mütəxəssis deyib ki, hüquq-mühafizə orqanlarının açıqladığı bəzi kriminal xəbərlər də bu mexanizmlərin necə işlədiyinə müəyyən ipucları verir: “Tez-tez xəbərlərdə rast gəlirik ki, mütəşəkkil qruplar zərərsizləşdirilir və onlardan yüzlərlə bank kartı müsadirə olunur. Bu kartlar müxtəlif şəxslərin - bəzən ailə üzvlərinin adına rəsmiləşdirilmiş olur. Həmin şəxslərlə müəyyən razılaşmalar edilir və kartlar qanunsuz mərc oyunlarında istifadə olunur”.F. Mirəliyev hesab edir ki, maliyyə axınlarının izlənməsi bu problemin həlli üçün əsas vasitələrdən biri ola bilər. “Bu məbləğlər istənilən halda müəyyən bank hesablarında görünür. Pulların kimin hesabına daxil olması, haradan və necə gəlməsi, eləcə də sonradan xaricə necə çıxarılması ciddi suallar yaradır. Buna görə də fəaliyyətin qarşısını almaq mümkündür. Birinci mərhələdə həmin saytların ünvanları bloklanmalıdır. Lakin əsas məsələ maliyyə dövriyyəsidir. Əgər bu platformalara pul daxilolmaları və oradan vəsaitlərin çıxarılması məhdudlaşdırılarsa, hətta saytlar tam bloklanmasa belə, onların fəaliyyəti faktiki olaraq mənasını itirəcək. Çünki bu sistemlərin əsas məqsədi maliyyə qazancıdır”.Qeyd edək ki, DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə onlayn qanunsuz qumar və mərc oyunlarının təşkilinə qarşı mübarizə davam etdirilir:”Bir daha vətəndaşları xaricdən idarə olunan və ölkə ərazisində qanunsuz hesab edilən qumar oyunlarında iştirakdan çəkinməyə çağırırıq. Bildiririk ki, qanunsuz onlayn qumar oyunlarının təşkili ilə yanaşı, həmin oyunlarda iştirak etmək də məsuliyyət yaradır. Xüsusi olaraq vurğulayırıq ki, qanunsuz mərc oyunları üzərindən qazanılan məbləği göndərmək adı ilə vətəndaşlardan bank kartı məlumatları tələb edilir. Belə olan təqdirdə isə həmin şəxslər kibertalama cinayətləri ilə üzləşə və bank hesablarında olan pul vəsaitlərini itirə bilərlər”, -DİN-in məlumatında bildirilir. (Musavat.com)Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
demokrat.az

2Mənbələr