Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ administrasiyası qlobal enerji bazarında sabitliyi qorumaq məqsədilə Strateji Neft Ehtiyatının bir hissəsini dövriyyəyə buraxmağa hazırlaşır.
Banco.az xəbər verir ki, ABŞ Energetika Nazirliyinin açıqlamasına görə, Vaşinqton administrasiyası Strateji Neft Ehtiyatından çıxarılan neftin ilk partiyalarının gələn həftənin sonuna qədər bazara daxil olacağını gözləyir.
Nazirlik ehtiyatlardan 120 gün ərzində ümumilikdə 172 milyon barel neftin bazara çıxarılacağını açıqlayıb. Yayılan əlavə məlumatda bildirilib ki, neft şirkətlərə mübadilə mexanizmi vasitəsilə veriləcək. Bu mexanizmə əsasən, şirkətlər ehtiyatdan müəyyən həcmdə neft borc götürür və sonradan həmin həcmi əlavə mükafatla geri qaytarırlar.
Qeyd olunub ki, Energetika Nazirliyi artıq bu mübadilə proqramında iştirak etmək istəyən şirkətlərdən təkliflər toplamağa başlayıb. Proqramın birinci mərhələsində 86 milyon barel neft şirkətlərə təqdim ediləcək.
Nazirlik daha əvvəl bildirmişdi ki, ehtiyatların gələcəkdə bərpası planlaşdırılır və təxminən 200 milyon barel neftin gələn il ərzində Strateji Neft Ehtiyatına qaytarılması nəzərdə tutulur.
ABŞ Strateji Neft Ehtiyatı 1975-ci ildə Konqres tərəfindən qlobal enerji böhranından sonra fövqəladə hallar üçün yaradılıb. Hazırda Luiziana və Texas ştatlarında yerləşən dörd duz yatağı anbarında təxminən 415 milyon barel neft saxlanılır. Ehtiyatın maksimal saxlama tutumu isə 714 milyon barel təşkil edir və bu, dünyada hökumətə məxsus ən böyük strateji neft ehtiyatı hesab olunur.
Eyni zamanda, Beynəlxalq Enerji Agentliyinin üzv ölkələri Yaxın Şərqdəki gərginlik fonunda bazarı sabitləşdirmək məqsədilə fövqəladə ehtiyatlardan 400 milyon barel neftin bazara buraxılması barədə razılığa gəlib.