AZ

Anar Quliyev: WUF13-ün Bakıda keçirilməsi şəhərin qədim məskunlaşma və urban inkişaf ənənələri ilə həmahəngdir

Bakı, 14 mart, AZƏRTAC

Bakı minilliklər boyu məskunlaşma olmuş, zəngin tarixə malik şəhərdir və bu ərazidə insanların yaşayış mühiti yaratmaq cəhdləri çox qədim dövrlərə gedib çıxır. Bakının yaxınlığında yerləşən və UNESCO-nun Dünya irsi siyahısına daxil edilmiş Qobustan Milli Tarix-Bədii Qoruğu insanların uzun müddət məskunlaşaraq yaşayış qurduğu ilk məkanlardan biri hesab olunur. Bu ərazi müasir mənada mənzil anlayışı ilə tam üst-üstə düşməsə də, insanların yaşayış mühitinin formalaşdığı ilk məkanlardan biri kimi dəyərləndirilir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev XIII Qlobal Bakı Forumunda keçirilən brifinqdə jurnalistlərə deyib.

Komitə sədri qeyd edib ki, şəhərin mərkəzində yerləşən və UNESCO-nun Dünya irsi siyahısına daxil edilmiş İçərişəhər də əsrlər boyu formalaşmış tarixi urban mühitin nümunəsidir. Onun sözlərinə görə, qədim dövrlərdən etibarən insanlar bu ərazidə yaşamaq və işləmək üçün rahat şəhər mühiti yaratmağa çalışıblar.

Anar Quliyev vurğulayıb ki, bu ənənələr bu gün də davam etdirilir və müasir şəhərsalma yanaşmaları beynəlxalq standartlar, qlobal trendlər və UN-Habitat kimi beynəlxalq qurumların tövsiyələri əsasında inkişaf etdirilir.

Anar Quliyev həmçinin Böyük Qayıdış Dövlət Proqramına da toxunaraq bildirib ki, uzun illər işğal altında qalmış Azərbaycan ərazilərində son illər geniş bərpa və yenidənqurma işləri həyata keçirilir. İnsanlar işğaldan azad olunmuş ərazilərdə yaşayır, işləyir və təhsil alır. Bu proses yerli resurslar, azərbaycanlı memarların iştirakı və beynəlxalq ekspertlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Komitə sədrinin sözlərinə görə, məhz bu səbəbdən WUF13-ün Bakıda keçirilməsi məntiqli seçimdir. O əlavə edib ki, Bakı artıq böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində geniş təcrübəyə malikdir və şəhər qlobal müzakirələrin aparıldığı mühüm platformaya çevrilib.

Anar Quliyev qeyd edib ki, regionda sülhün təmin olunması da əsas prioritetlərdən biridir və Azərbaycan bu istiqamətdə mühüm addımlar atır.

Seçilən
40
2
azertag.az

3Mənbələr