Azərbaycanda dilənçiliklə məşğul olma 100 manatdan 200 manatadək cərimə ilə bitə bilər. BUndan da betəri inzibati həbsdir.
Rəsmi iş və gəliri, hətta bəzən yaşayış yeri olmayan şəxsin praktikada necə cərimə olacağından söz düşərkən çoxlarının dodaqlarının ucu açır.
Hüquqşünas Ramil Süleymanov Yeni Sabah”a bildirib ki, bu, "dövlət zarafatı" deyil, əksinə, tədbirlərin tətbiqi formal xarakter daşımayacaq:
"Dlənçiliklə bağlı məsələ İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə dilənçiliklə məşğul olan şəxs barəsində xəbərdarlıq edilir və ya müəyyən edilmiş qaydada cərimə tətbiq olunur. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, dilənçilik edən şəxs 25 manat məbləğində cərimə edilə bilər.
Eyni zamanda, əgər bu əməli törədən şəxs Azərbaycan vətəndaşı deyilsə, məhkəmənin qərarı ilə onun ölkə ərazisindən kənara çıxarılması, yəni deportasiyası barədə qərar da qəbul oluna bilər.
Hazırda müzakirə olunan məsələlərdən biri də cərimə məbləğinin artırılmasıdır. Belə ki, bu cərimənin 100 manatdan 200 manata qədər qaldırılması ilə bağlı təkliflər səsləndirilir. Bunun əsas səbəbi isə ölkədə dilənçilərin sayının artması ilə bağlı narahatlıqlardır”.
Bununla yanaşı, hüquqşünas problemin yalnız cərimə ilə həll olunmasının qeyri-mümkünlüyünü vurğulayıb:
“Dilənçilik probleminin kökündə duran səbəblər araşdırılmalıdır. Çünki bəzi hallarda insanlar işsizlik, sosial çətinliklər və digər problemlər ucbatından dilənməyə məcbur qalırlar. Buna görə də məsələ yalnız cərimə ilə deyil, sosial problemlərin həlli baxımından da qiymətləndirilməlidir”.
Hüquqşünasın sözlərinə görə, bu tədbirlərin tətbiqi formal xarakter daşımayacaq:
“Qanunun real icrasına isə birbaşa daxili işlər orqanları nəzarət edəcək. Şəxs yerindəcə aşkar edilə və barəsində müvafiq tədbir görülə bilər. Cərimə təyin olunduqdan sonra şəxs onu ödəmədiyi təqdirdə, İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq icra məmurları, yəni məhkəmə qərarlarının icrası ilə məşğul olan qurumlar bu prosesi həyata keçirəcəklər.
Ümumilikdə, bu tədbirlərin tətbiqi gözlənilir və burada hər hansı formal yanaşmadan söhbət getmir. Çünki formal yanaşma o halda ola bilər ki, məsələ yalnız kağız üzərində qalsın. Halbuki ölkədə kifayət qədər məşğulluq imkanlarının olduğu bildirilir. Bununla yanaşı, bəzi şəxslər işləmək istəmir və tüfeyli həyat tərzi keçirərək daha asan yolla maddi ehtiyaclarını qarşılamağa çalışırlar”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız