AZ

Buraxılış imtahanlarına düşən suallar niyə çətindir? – Ekspert SƏBƏBİ AÇIQLADI

Martın 15-də tam orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçiriləcək. Martın 9-da təşkil olunan imtahandan sonra bəzi abituriyentlər və valideynlər sualların çətin olduğunu iddia edib və sosial şəbəkələrdə müzakirələr başlayıb. Bu səbəbdən də 15 martda keçiriləcək imtahanda sualların daha asan salına biləcəyi ilə bağlı müxtəlif ehtimallar səsləndirilir.

Görəsən, növbəti buraxılış imtahanında suallar həqiqətən yüngülləşdirilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, belə ehtimallar reallığı əks etdirmir.

Məzahir Məmmədli

Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi (DİM) imtahan suallarını əvvəlcədən hazırlayır və sonradan çətinlik dərəcəsində dəyişiklik etmək mümkün olmur.

Ekspert qeyd edib ki, bəzi insanlar martın 9-da keçirilən imtahanın çətin olduğunu əsas gətirərək 15 mart imtahanında sualların yüngülləşdirilə biləcəyini düşünürlər:

“DİM adəti üzrə suallarını öncədən hazırlayır. Bəzən belə fikirlər yaranır ki, ayın 9-da keçirilən imtahan çətin olduğu üçün DİM 15 martda keçiriləcək imtahanlarda müəyyən yüngülləşmə aparacaq, narazılıqları azaltmağa çalışacaq. Təcrübədən deyə bilərəm ki, bu cür düşüncələr sadəcə həm valideynləri, həm də abituriyentləri aldada bilər”.

Məzahir Məmmədli vurğulayıb ki, suallar əvvəlcədən hazırlandığı üçün onların çətinlik səviyyəsində sonradan dəyişiklik etmək real görünmür.

“Bu suallar öncədən hazırlandığından hər hansı dəyişiklik və ya yüngülləşdirmə mümkün görünmür. Bu barədə DİM rəsmiləri də bildiriblər ki, 15 mart imtahanı da 9 mart tarixində keçirilən imtahan kimi eyni qaydalara uyğun tərtib olunub”, – deyə ekspert əlavə edib.

Ekspert abituriyentlərə sosial şəbəkələrdə yayılan şayiələrə deyil, rəsmi məlumatlara əsaslanmağı tövsiyə edib. Onun sözlərinə görə, imtahanların çətinlik səviyyəsi ümumi qaydalar çərçivəsində balanslaşdırılır və iştirakçılar hazırlıqlarını davam etdirməlidirlər.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
11
1
konkret.az

2Mənbələr