London böyük bir metropol olsa da, qarşılaşdığımız məsələlər lokal xarakter daşıyır və onların aradan qaldırılması üçün yerli iqtisadiyyatın stimullaşdırılması vacibdir. Şəhərlərdəki mövcud problemlər qlobal deyil, məhz yerli səviyyədə həll olunmalıdır.
“İki sahil” xəbər verir ki, bu sözləri London Sitinin lord meri, London Sitinin sabiq şerifi Maykl Mainelli XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Mənzil məsələləri üzrə qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” mövzusunda panel iclasında çıxışı zamanı söyləyib.
London əhalisinin dünyanın ən qədim torpaq sahibləri və şəhər sakinləri olan mütəşəkkil bir qrup kimi fəaliyyət göstərdiyini vurğulayan Maykl Mainelli məskunlaşmanın qlobal miqyasda böyüyən bir problem olsa da, onun vahid qlobal həll yolu olmadığını deyib. O, bu gün mükəmməl şəhər inşa etməyin qeyri-mümkün olduğunu diqqətə çatdıraraq, şəhərlərin daim dəyişikliklərə məruz qaldığını bildirib.