AZ

İqtisadiyyatımız böyüyüb, gəlirlərimiz artıb

2026-cı ilin yanvar-fevral aylarında ölkəmizdə 18 milyard 473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1,4 faiz artıb. ÜDM istehsalının 32,7 faizi sənaye, 11,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi tikinti, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 24,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 12,3 faizini təşkil edib.

Göründüyü kimi ÜDM-in əsas drayveri və ağırlıq mərkəzi qeyri-neft sektorunun payına düşüb. Belə ki, yaradılmış əlavə dəyərin təxminən 70 faizi qeyri-neft mənbələrinin üzərində cəmləşib. ÜDM-də əsas sahələrdən biri olan sənaye sektorunda məhsul həcmi də artıb. Xüsusilə də qeyri neft-qaz sənayesində əlavə dəyər 5 faizə yaxın artıb. Bu amil də sənayeləşmənin əsas strukturlarının qeyri-neft sütunları üzərində inkişaf etdiyini təsdiqləyir. Qeyri-neft sənayesinin inkişafı ümumilikdə, neftdənkənar mənbələrin hazırda həm də əsas əlavə dəyər formalaşdıran fiskal  sahə olduğunu göstərir.

Büdcədə bütün fiskal yığımlarda artım olub

2026-cı ilin ilk 2 ayı ərzində fiskal yığımların artımında da yüksək dinamika qeydə alınıb. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 6,3 milyard manatı ötüb və büdcənin icrasında müsbət dinamika davam edib. Xəzinədarlıq orqanları tərəfindən 147 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb. Belə ki, yanvar-fevral ayları ərzində dövlət büdcəsinin gəlirləri 6 milyard 311,5 milyon manat təşkil edib ki, bu da proqnozu 58,3 milyon manat və ya 0,9 faiz üstələyib. Dövlət büdcəsinin gəlirlərində vergi orqanının xətti ilə daxilolmalar 3 milyard manat təşkil edərək proqnozdan 79,5 milyon manat və ya 2,7 faiz çox olub.Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 2 milyard 286,5 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 69,6 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 172,4 milyon manat və ya 8,2 faiz artıb. Yeri gəlmişkən, bu dövrdə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,7 faiz artaraq 865,4 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 2,1 faiz artaraq 59,6 min təşkil edib. Həmin tarixə aktiv təsərrüfat subyektlərininsayı 1,5  faiz artıb və  236,4 min olub ki, bu amillər də vergi yığımlarında mühüm rol oynayıb.

Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 983,1 milyon manat təşkil edərək proqnozdan 3,1 milyon manat və ya 0,3 faiz, Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 9,8 milyon manat təşkil edərək proqnozdan 0,9 milyon manat və ya 10,2 faiz, sair daxilolmalar 63,4 milyon manat olmaqla, proqnozdan 15,7 milyon manat və ya 32,9 faiz çox təşkil edib. Dövlət Neft Fondundan transfert isə 2 milyard 140 milyon manat olmaqla proqnoza qarşı 100 faiz icra edilib. Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 113,2 milyon manat təşkil edərək proqnoza qarşı 73.5 faiz icra olunub. Bu dövr ərzində  icmal büdcənin gəlirləri 7 558,3 milyon manat, xərcləri  isə 5 338,4 milyon manat məbləğində icra edilib.

Qeyri-neft ixracı 19,7 faiz çoxalıb

2026-cı ilin yanvar-fevral aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 19,8 milyon manatdan çox olub, proqnozdan əlavə 20,8 milyon manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 706,1 milyon manatdan çox olub. Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 37,3 milyon manata yaxın təşkil edib, proqnozdan əlavə 1,5 milyon manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 29,9 milyon manatı ötüb. İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 163,3 milyon manatdan çox olub, proqnozdan əlavə 5,5 mln. manatdan artıq vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 115,7 milyon manata yaxın olub.

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7 faiz artaraq 580,7 milyon dollar təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 30,5 faiz artaraq 200,6 milyon dollara bərabər olub. İxrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 328,6 faiz, pambıq iplik 158,7 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 110,8 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 37,4 faiz, pambıq lifi 33,3 faiz, meyvə-tərəvəz 32,7 faiz, spirtli və spirtsiz içkilər 10,9 faiz, çay 5,1 faiz artıb. Aqrar məhsullar üzrə ixrac 34,6 faiz artaraq 160,9 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 22 faiz artaraq 52,5 milyon dollar təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 31,2 faiz artaraq 213,4 milyon dollara bərabər olub.

E.CƏFƏRLİ

Seçilən
16
1
yeniazerbaycan.com

2Mənbələr