AZ

Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ



İlham Əliyev 2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı keçirilən birgə mətbuat bəyanatında Bakı ilə Avropa İttifaqı arasında münasibətlərin hazırkı mərhələsi, enerji əməkdaşlığı, iqtisadi əlaqələr və regionda formalaşan yeni geosiyasi reallıqlar geniş şəkildə müzakirə olunub. Dövlət başçısı bildirib ki, Azərbaycan və Avropa İttifaqı müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindədir və son illərdə tərəflər arasında dialoq daha da intensivləşib.

Prezident qeyd edib ki, Avropa İttifaqı rəsmilərinin Azərbaycana mütəmadi səfərləri əlaqələrin dinamik inkişafının göstəricisidir. Onun sözlərinə görə, ticarət münasibətləri də bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Bu ilin yanvar ayının göstəricilərinə əsasən Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqının payına düşüb. Dövlət başçısı vurğulayıb ki, ötən il bu göstərici nisbətən aşağı olsa da, ümumilikdə Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşı olaraq qalır. O bildirib ki, qarşılıqlı investisiyalar və yeni iqtisadi layihələr bu əməkdaşlığın daha da genişlənməsinə imkan yaradacaq, həm Avropa şirkətlərinin Azərbaycana sərmayələri, həm də Azərbaycanın Avropa iqtisadiyyatına yatırdığı investisiyalar artacaq.

Dövlət başçısı çıxışında enerji əməkdaşlığının Azərbaycan–Avropa İttifaqı münasibətlərinin strateji sütunlarından biri olduğunu xüsusi vurğulayıb. O xatırladıb ki, 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənəd bu sahədə əməkdaşlığı yeni mərhələyə çıxarıb. Prezidentin sözlərinə görə, həmin vaxtdan etibarən Azərbaycanın Avropa ölkələrinə qaz ixracı həm həcm, həm də coğrafiya baxımından genişlənib.

Hazırda Avropa İttifaqının 10 üzvü Azərbaycan qazı alır və ümumilikdə bu qazı idxal edən ölkələrin sayı 16-ya çatıb. Bu göstərici Azərbaycanın boru kəmərləri vasitəsilə qaz təchizatı üzrə dünyada aparıcı ölkələrdən biri olduğunu göstərir və ölkənin bir çox dövlətlərin enerji təhlükəsizliyində rolunu daha da artırır.

Prezident İlham Əliyev bildirib ki, Avropa bazarı Azərbaycanın qaz ixracının əsas istiqamətlərindən biridir və böyük artım potensialına malikdir. O qeyd edib ki, bu ilin əvvəlində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısında da bu məsələlər müzakirə olunub və Azərbaycan yaxın illərdə qaz hasilatını daha da artırmağı planlaşdırır. Yeni yataqlardan hasilata başlanılması nəticəsində növbəti iki-üç il ərzində mövcud həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazın bazara çıxarılması gözlənilir.
Dövlət başçısı enerji əməkdaşlığının yalnız ənənəvi karbohidrogen ehtiyatları ilə məhdudlaşmadığını, bərpaolunan enerji sahəsində də böyük perspektivlərin mövcud olduğunu diqqətə çatdırıb. Prezident bildirib ki, Azərbaycan külək, Günəş və su elektrik enerjisi sahələrinə geniş investisiyalar yatırır və qarşıdakı beş-altı il ərzində ixrac üçün 6–8 giqavat həcmində bərpaolunan enerji potensialının formalaşdırılması planlaşdırılır. Onun sözlərinə görə, bu istiqamətdə Avropa tərəfdaşları ilə yeni ötürmə xətləri, dənizaltı kabellər və enerji infrastrukturunun digər mühüm komponentləri üzərində iş aparılır. Prezident qeyd edib ki, ölkədə il ərzində 300-dən çox günəşli günün olması, eləcə də əlverişli külək potensialı Azərbaycanın yaşıl enerji sahəsində böyük imkanlara malik olduğunu göstərir.

Prezident İlham Əliyev çıxışında regionda formalaşan yeni siyasi reallıqlara da toxunaraq bildirib ki, Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, faktiki olaraq cəmi yeddi aydır sülh şəraitində yaşayır. Onun sözlərinə görə, Ermənistanla paraflanmış sülh sazişi regionda yeni əməkdaşlıq imkanları yaradır və artıq bunun ilk nəticələri hiss olunmağa başlayıb. Dövlət başçısı qeyd edib ki, nəqliyyat və logistika məsələləri ikitərəfli gündəliyin mühüm hissəsinə çevrilib və Orta Dəhlizin genişlənməsi üçün yeni imkanlar yaranır.

Prezident diqqətə çatdırıb ki, Azərbaycan sülhün praktik müstəvidə möhkəmlənməsi üçün konkret addımlar atır. Bu çərçivədə Ermənistana mühüm neft məhsullarının təchizatına başlanılıb, həmçinin digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana yönələn yüklərin tranziti üçün mövcud məhdudiyyətlər aradan qaldırılıb. Dövlət başçısı vurğulayıb ki, bu addımlar Azərbaycanın sülhə yalnız imzalanan sənədlər çərçivəsində deyil, real addımlarla sadiq olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyev xatırladıb ki, 2023-cü ilin sentyabrında baş vermiş son hərbi toqquşmadan sonra 2025-ci ilin avqustunda sülh razılaşmasının əldə olunmasına qədər iki ildən də az vaxt keçib. Onun sözlərinə görə, əgər tərəflər siyasi iradə nümayiş etdirərək sülhə sadiq qalarlarsa, bu, dövlətlər və xalqlar arasında barışığın ən yaxşı göstəricisi olacaq. Dövlət başçısı vurğulayıb ki, müharibənin nə olduğunu yaxşı bilən ölkə kimi Azərbaycan üçün sülh ən böyük dəyərdir və regionda sabitliyin möhkəmləndirilməsi bundan sonra da əsas prioritet olaraq qalacaq.

Elmar Abbasov
Abşeron RİH başçısının Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi




Seçilən
34
2
aia.az

3Mənbələr