Bakı, 14 mart, AZƏRTAC
Süni intellektin idarə olunması mümkündür və bunun üçün hökumətlər çevik və etibarlı tənzimləmə mexanizmləri qurmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu “Women Political Leaders” Təşkilatının prezidenti və təsisçisi Silvana Koch-Meyr XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzusunda panel iclasda deyib.
Silvana Koch-Meyr bildirib ki, Avropa İttifaqının Süni intellekt Aktı süni intellektin qlobal idarəetmə standartı rolunu oynayır. Akt sistemlərin gücünü və məsuliyyətini nəzərə alaraq müəyyən riskli sahələri qadağan edir, məsələn, iş yerlərində emosional nəzarət və proqnostik polislik tətbiqləri icazə verilmir. Eyni zamanda, kritik infrastrukturlarda və enerji istehlakı yüksək olan sahələrdə daha güclü öhdəliklər qoyulur.
S.Koch-Meyr vurğulayıb ki, nizamsız tənzimləmə, hökumətin qeyri-müəyyənliyi və texnologiya sektorunda hesabat verməyən mərkəzləşmiş güc innovasiyaları boğur. Ona görə də sabit, şəffaf və etibarlı tənzimləmə həm cəmiyyəti qoruyur, həm də texnoloji inkişafı sürətləndirir.