AZ

Mil düzünün çıraqban gecəli şəhəri

Beyləqanda həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri çərçivəsində şəhərin ictimai məkanları daha da müasirləşir və gözəlləşir. Sakinlərin və qonaqların sevimli istirahət məkanlarından sayılan Mədəniyyət və istirahət parkında isə işıqlandırma sistemi tamamilə yenilənib.

Rayon icra hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən işlər nəticəsində park ərazisində müasir standartlara cavab verən işıqlandırma dirəkləri quraşdırılıb. Qurumdan verilən məlumata görə, parkın mərkəzi hissələrində və ziyarətçilərin tez-tez üz tutduğu məkanlarda işıqlandırmanın səviyyəsi artırılıb, mövcud sistem yenilənərək daha səmərəli və estetik görünüşə gətirilib. Parkın əhəmiyyəti nəzərə alınaraq Şəhidlər abidəsinin yerləşdiyi ərazidə də müasir işıqlandırma qurğuları quraşdırılıb.

Görülmüş işlər nəticəsində parkın gecə saatlarında işıqlandırılması xeyli yaxşılaşdırılıb, ərazi daha təhlükəsiz və rahat istirahət məkanına çevrilib. Artıq sakinlər və rayonun qonaqları günün qaranlıq vaxtlarında da parkda gəzintiyə çıxır, asudə vaxtlarını xoş və təhlükəsiz keçirirlər. Yeni işıqlandırma sistemi həm də parkın ümumi estetik görünüşünü zənginləşdirərək onun gecə mənzərəsini daha gözoxşayan və cazibədar edib.

Qeyd edək ki, Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən sosial infrastrukturun inkişafı, yaşayış məntəqələrinin abadlaşdırılması və ictimai məkanların müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Bu məqsədlə rayonun müxtəlif ərazilərində abadlıq, yaşıllaşdırma, təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə həyata keçirilir.

Rayon rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas məqsədlərdən biri Beyləqanın daha müasir, abad və rahat yaşayış məkanına çevrilməsi, eyni zamanda, sakinlərin asudə vaxtının səmərəli və mənalı təşkili üçün əlverişli şəraitin yaradılmasıdır. Bu istiqamətdə həyata keçirilən layihələrin bundan sonra da ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Seçilən
16
1
xalqqazeti.az

2Mənbələr