ABŞ-ın sabiq milli təhlükəsizlik müşaviri Con Bolton "Dojd" telekanalına verdiyi müsahibədə hazırda İranla davam edən müharibənin gedişatını və Prezident Donald Trampın strategiyasını sərt tənqid edib.
Musavat.com xəbər verir ki, Bolton Hörmüz boğazının blokadada qalmasının ABŞ üçün həm hərbi, həm də siyasi uğursuzluq olduğunu bildirərək, bu vəziyyətdə müharibənin tezliklə başa çatmayacağını vurğulayıb. "Tramp özünü mümkün qədər tez qalib elan etmək istəyir, lakin hazırda boğaz tam qapalıdır, tankerlər hərəkət edə bilmir. Belə bir vəziyyətdə qələbədən necə danışmaq olar?" — deyə Bolton sual edib. O, ABŞ hərbçilərinin mühüm bir məqamı qaçırdığını qeyd edərək bildirib ki, Amerika ordusu İranın mina düzən gəmilərini batırsa da, iranlılar katerlər və dronlar vasitəsilə yeni minalar basdırmağa davam edirlər.
Boltonun fikrincə, boğazın açılması strateji əhəmiyyət kəsb edir və nə qədər ki, bu su yolu beynəlxalq gəmiçilik üçün qapalıdır, Trampın qələbə bəyanatları heç kəs tərəfindən inandırıcı qəbul edilməyəcək. Sabiq müşavir həmçinin xəbərdarlıq edib ki, İran rejimi boğazdan təzyiq rıçağı kimi istifadə edərək müharibəni uzatmağa və qlobal enerji bazarlarında xaos yaratmağa çalışır.
Musavat.com