Son dövrlərdə cəmiyyətdə sürətli arıqlama məqsədilə müxtəlif inyeksiya və həblərdən istifadə kütləvi hal alıb. Xüsusilə şəkərli diabetin müalicəsi üçün nəzərdə tutulmuş preparatların arıqlama vasitəsi kimi populyarlaşması apteklərdə bu dərmanların qıtlığına və insanların həkim nəzarəti olmadan özbaşına istifadəsinə şərait yaradıb.
“Möcüzəvi vasitə” kimi təqdim edilən bu üsullar iştahı süni şəkildə kəssə də, orqanizmin daxili sistemlərində bərpası çətin olan izlər buraxır. Maddələr mübadiləsinə belə kəskin müdaxilələr çox vaxt estetik görünüş naminə sağlamlığın qurban verilməsi ilə nəticələnir.
NOCOMMENT.az-a məsələni şərh edən tanınmış diyetoloq Nərgiz Əliyeva bildirib ki, dərmanla arıqlama üsullarına müraciət edənlərin əksəriyyəti gələcəkdə onları gözləyən təhlükələrdən xəbərsizdir.
Ekspert vurğulayıb ki, arıqlamaq üçün istifadə edilən diabet dərmanları və digər kimyəvi preparatlar yalnız piylənmənin son həddində olan və həyati risk daşıyan xəstələrə, o da ciddi tibbi göstərişlə təyin edilə bilər.
Ləman Süleymanova qeyd edib ki, bu dərmanların kor-təbii istifadəsi mədə iflici (qastroparez), kəskin böyrək çatışmazlığı və qalxanvari vəzinin xərçəngi riskini dəfələrlə artırır.
Diyetoloqun sözlərinə görə, dərmanla arıqlayan şəxslər proqramı dayandırdıqdan sonra daha böyük problemlə üzləşirlər:
“Bu preparatlar dayandırılan kimi bədən itirdiyi çəkini ikiqat sürətlə geri yığmağa başlayır.
Üstəlik, bu prosesdə əzələ kütləsi itirildiyi üçün dəri sallanmaları və daxili orqanların fəaliyyətində zəifləmə qaçılmaz olur. İnsanlar anlamalıdır ki, sağlam şəkildə arıqlamaq səbir və düzgün qidalanma rejimi tələb edir. Heç bir ‘sehrli’ iynə təbii qidalanmanı və fiziki aktivliyi əvəz edə bilməz. Arıqlamaq istəyən hər bir fərd ilk növbədə qan analizi verməli və problemin kökünü tapmalıdır”.
Ləman Süleymanova sonda onu da əlavə edib ki, dərman preparatları ilə süni toxluq hissi yaratmaq beyin mərkəzlərini aldatmaqdır və bu, gələcəkdə ağır psixoloji pozuntulara da yol aça bilər.
Tunar
NOCOMMENT.az