Yaxın Şərqdəki gərginlik Aİ-də miqrasiya axını qorxusunu yenidən alovlandırıb
ABŞ, İsrail və İran arasında hərbi qarşıdurmalar Avropanın siyasi və sosial sabitliyini sınaq qarşısında qoyur. Avropa rəsmiləri hesab edirlər ki, regionda gərginliyin artması yeni miqrasiya dalğası yarada bilər və bu dalğa 2024-cü ildə qəbul edilən yeni miqrasiya sisteminin ilk ciddi imtahanı olacaq. Aİ son on ildə miqrasiya böhranının nəticələrini aradan qaldırmaq üçün müxtəlif mexanizmlər formalaşdırmağa çalışsa da, üzv dövlətlər arasında fikir ayrılığı, siyasi populizm və təhlükəsizlik narahatlıqları vahid siyasətin qurulmasını çətinləşdirib. Bu səbəbdən qəbul olunan yeni qaydaların ekstrimdə, xüsusilə müharibə şəraitində yaranan kütləvi köç fonunda necə işləyəcəyi məlum deyil.
Avropa İttifaqının hazırkı miqrasiya siyasətini anlamaq üçün 2015-ci ildə baş verən qaçqın böhranına qısa nəzər yetirmək lazımdır. Həmin vaxt Suriya müharibəsi, İraq və Əfqanıstandakı qeyri-sabitlik, həmçinin Afrikanın bir sıra ölkələrində davam edən humanitar böhran nəticəsində “qoca qitə”yə bir milyondan çox insan üz tutmuş, proses Aİ daxilində həm siyasi, həm də institusional böhran yaratmışdı. Əsas problem ondan ibarət idi ki, mövcud qaydalar miqrantların qəbuluna görə məsuliyyəti əsasən sərhəd ölkələrinin üzərinə atırdı. Elə bu səbəbdən Yunanıstan, İtaliya və İspaniya kimi dövlətlər böyük yük altında qaldı, digər üzv ölkələr isə miqrantların bölüşdürülməsi məsələsində razılığa gələ bilmədi. Bu vəziyyət Avropa daxilində həmrəyliyin zəiflədiyini göstərdi və milli maraqların ümumi siyasətdən üstün tutulduğunu ortaya qoydu. Həmin böhrandan sonra Avropa İttifaqı miqrasiya sistemini dəyişmək üçün bir neçə dəfə təşəbbüs göstərsə də, siyasi razılıq əldə edilmədi.
Ona görə də yeni Miqrasiya və Sığınacaq Paktının qəbul olunması uzun illərin müzakirələrinin nəticəsi kimi qiymətləndirilir. 2024-cü ildə qəbul edilən yeni miqrasiya sistemi Avropa İttifaqının bu sahədə genişmiqyaslı islahatlarından biri hesab olunur. Paktın əsas məqsədi üzv dövlətlər arasında məsuliyyət bölgüsünü daha ədalətli şəkildə qurmaq, sərhədlərdə prosedurları sürətləndirmək və kütləvi miqrasiya hallarında vahid böhran mexanizmi tətbiq etməkdir. Yeni qaydalara görə, Aİ-yə daxil olan miqrantlar əvvəlcə sərhəd zonalarında qeydiyyata alınmalı, onların sığınacaq müraciətləri sürətləndirilmiş prosedurla araşdırılmalı və qəbul edilməyən şəxslər daha tez geri qaytarılmalıdır. Bununla yanaşı, üzv dövlətlər miqrantların yerləşdirilməsi məsələsində seçim edə bilər. Yəni onlar ya müəyyən sayda insan qəbul etməli, ya da maliyyə dəstəyi göstərməlidir. Mexanizm nəzəri baxımdan həmrəyliyi təmin etməyə yönəlsə də, bir çox ekspert hesab edir ki, real böhran zamanı sistemin işləməsi çətin olacaq. Çünki siyasi iradə və ictimai rəy proseslərə çox vaxt hüquqi mexanizmlərdən daha güclü təsir göstərir.
ABŞ/İsrail–İran qarşıdurması populizm məsələsini də gündəmə gətirib. Məlumdur ki, bir çox ölkədə sağçı və populist partiyalar məhz miqrasiya mövzusu üzərindən güclənib. Onlar sərt sərhəd siyasətini, sığınacaq qaydalarının məhdudlaşdırılmasını və milli suverenliyin qorunmasını tələb edir. Eyni tendensiya yeni miqrasiya paktının tətbiqini daha da çətinləşdirir. Çünki hökumətlər daxili siyasi təzyiq altında qalaraq Avropa səviyyəsində razılaşdırılmış qərarları həyata keçirməkdə tərəddüd edə bilər. Əgər Yaxın Şərqdə müharibə nəticəsində böyük miqrasiya dalğası yaranarsa, populist qüvvələrin daha da güclənəcəyi və vəziyyətin Aİ daxilində parçalanmanı artıracağı ehtimal olunur. Üstəlik, Avropa İttifaqı (Aİ) bir tərəfdən humanitar dəyərlərə sadiq qalmalı, digər tərəfdən isə təhlükəsizlik risklərini nəzərə almalıdır. Nəzərə alsaq ki, son illərdə terror hücumları və qeyri-qanuni miqrasiya ilə bağlı problemlər də ictimai rəydə ciddi narahatlıq yaradıb, yeni qaydaların məhz bu balansı qorumağa yönəldiyini söyləmək olar. Sərhədlərdə daha sərt nəzarət, biometrik qeydiyyat və sürətli yoxlama prosedurları təhlükəsizlik risklərini azaltmaq məqsədi daşıyır.
Yeri gəlmişkən, yeni miqrasiya sisteminin qarşısında duran ən böyük problemlərdən biri üzv dövlətlər arasında etimadın zəif olmasıdır. Məsələn, Şərqi Avropa ölkələri məcburi kvotalara qarşı çıxır, cənub ölkələri isə daha çox dəstək tələb edir. Bu fikir ayrılıqları göstərir ki, Aİ-nin miqrasiya siyasəti sadəcə hüquqi sənədlərlə həll edilə bilməz. Əgər siyasi həmrəylik mövcud olmazsa, ən mükəmməl mexanizm belə böhran zamanı işləməyə bilər. Yaxın Şərqdə müharibə nəticəsində yaranacaq mümkün miqrasiya dalğası bu etimad problemini daha da kəskinləşdirə bilər. Yəni Miqrasiya və Sığınacaq Paktı nəzəri olaraq Aİ-ni gələcək böhranlara hazırlamalıdır. Lakin sistemin real şəraitdə necə işləyəcəyi yalnız böyük miqrasiya dalğası zamanı məlum olacaq.
Sonda bu qənaətə gəlmək olar ki, Yaxın Şərqdə davam edən hərbi qarşıdurmalar Avropa üçün həm də daxili sabitlik məsələsidir. Yeni miqrasiya sistemi uzun illər davam edən mübahisələrin nəticəsi olsa da, onun real effektivliyi yalnız böhran şəraitində müəyyən olunacaq. Maraqlıdır, üzv dövlətlər ümumi qaydalara sadiq qalaraq kollektiv məsuliyyəti bölüşə biləcəkmi, yoxsa milli maraqlar yenidən üstün gələcək? Əgər yeni qaydalar işləsə, Avropa inteqrasiyasının gücləndiyini göstərəcək. Əks halda isə, miqrasiya böhranı yenidən siyasi parçalanmaya səbəb ola və Avropa layihəsinin gələcəyini sual altına qoya bilər.
Hüseyn SULTANLI,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əməkdaşı
2024-cü ildə Avropa İttifaqı tərəfindən qəbul edilmiş Miqrasiya və Sığınacaq Paktının həyata keçirilməsi prosesi Brüssel üçün növbəti ciddi daxili sınaq kimi qiymətləndirilir. Gələcəkdə yarana biləcək kütləvi miqrasiya dalğalarına qarşı birliyin yanaşmasını yeniləmək və gücləndirmək məqsədi daşıyan bu pakt “sərt, lakin ədalətli” model kimi təqdim olunmuşdu və miqrasiyanın Avropa üçün ortaq məsuliyyət olduğunu təmin etməyi hədəfləyirdi. Ama Aİ-nin əksər təşəbbüslərində olduğu kimi, paktın texniki baxımdan perspektivli olmasına baxmayaraq, siyasi dəstək qazana bilmədi. Bir sıra üzv dövlətlərin yanaşması xüsusilə fərqlənir. Məsələn, Macarıstanın Baş naziri Viktor Orban planı ölkəsinin əvvəldən rədd etdiyini açıq şəkildə bildirmişdi. Oxşar mövqe Polşada da müşahidə olunub. Rəsmi Varşava planın bəzi müddəalarına, xüsusilə Yaxın Şərqlə həmsərhəd və daha çox miqrasiya təzyiqi ilə üzləşən ölkələrdən miqrantların daha az təzyiq altında olan dövlətlərə köçürülməsi ideyasına etiraz edib.
Plan elan edildikdən sonra Avropa İttifaqı üzv dövlətlər üçün aydın icra mexanizmi müəyyənləşdirdi. Bu mexanizm iki illik keçid dövrünü nəzərdə tuturdu və bu müddət ərzində ölkələr miqrasiya qanunvericiliyini uyğunlaşdırmalı, yenilənmiş milli çərçivə sənədləri təqdim etməli idilər. Həmin sənədlərdə hər bir dövlətin mövcud mexanizmlərini paktda nəzərdə tutulan yeni qaydalarla necə uzlaşdıracağı göstərilməli idi. Lakin bu proses ciddi çətinliklərlə üzləşdi və Aİ miqyasında vahid razılıq hələ də əldə olunmayıb. Planın əleyhdarları tərəfindən irəli sürülən arqumentlər Avropa siyasətində Aİ-nin rolu və səlahiyyətləri ilə bağlı davam edən müzakirələri daha da gücləndirir, xüsusilə də Aİ tərəfindən qəbul edilən qaydalarla milli suverenlik arasındakı balans məsələsini. Məsələn, Macarıstan ardıcıl olaraq bildirib ki, miqrantların yerləşdirilməsi və kvotaların müəyyənləşdirilməsi yalnız milli səviyyədə həll olunmalıdır.
Nəzrin ELDARQIZI
XQ