AZ

İranda gizli güc savaşı – Ölkənikim idarə edir?

Politoloq: “SEPAH generalları iqtisadi resurslar və silah gücü hesabına ölkənin faktiki rəhbərliyini həyata keçirirlər"

İranın bir sıra qonşu ölkələrə raket və hərbi zərbələr endirməsindən sonra rəsmi açıqlamalarda bildirilir ki, bu əməliyyatlar İranın mərkəzi hərbi komandanlığı tərəfindən təşkil edilməyib.

Bu iddia bu sualı gündəmə gətirir: İran faktiki olaraq kim tərəfindən idarə olunur? Ekspertlər bildirir ki, belə hallar İran daxilində müxtəlif qüvvələr arasında qarşılıqlı balans və rəqabətin olduğunu, bəzi hərbi və ya dini qrupların öz təşəbbüsləri ilə hərəkət etdiyini göstərir. Eyni zamanda, bu vəziyyət beynəlxalq ictimaiyyət üçün təhlükə amili yaradır, çünki kiminsə “mərkəzdən xəbərsiz” hərbi zərbə endirməsi ciddi regional gərginliklərə səbəb ola bilər.

Picture

Qısa zaman ərzində baş verən bu hadisələr İranın daxili idarəetmə mexanizmləri haqqında daha çox sual yaradır.

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb. Politoloq qeyd edib ki, ayətullah Əli Xameneinin ölümündən sonra İranda vəziyyət kəskin şəkildə gərginləşib: "Hazırda İranda faktiki olaraq amansız güc mübarizəsi gedir. Oğlu Müctəba Xameneinin yeni ali rəhbər seçilməsinə baxmayaraq, o, həm nüfuzunun azlığı, həm də yaralanması və hazırda müalicə alması səbəbindən ölkə rəhbərliyini tam şəkildə ələ ala bilmir. Yaranmış hakimiyyət boşluğundan istifadə edən SEPAH generalları isə geniş iqtisadi resurslar və silah gücü hesabına ölkənin faktiki rəhbərliyini həyata keçirirlər".

Politoloq bildirir ki, vəziyyət elə bir kritik həddə çatıb ki, Prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi hökumət öz birbaşa vəzifələrini icra edə bilmir:  “Mühafizəkar qrupun nəzarətində olan SEPAH islahatçı prezidenti demək olar ki, bütün strateji sahələrdən uzaqlaşdırıb. Məsud Pezeşkian hazırda simvolik, formal bir prezidentlik funksiyasını yerinə yetirir. Dövlət adından çıxış edən və SEPAH-ın məsləhətləşdiyi əsas siyasi fiqur isə hazırda İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanidir.

Təsadüfi deyil ki, 13 mart tarixində təşkil edilmiş "Qüds günü" yürüşünə prezident Pezeşkian deyil, məhz Laricani rəhbərlik etdi.

Qeyd etmək lazımdır ki, Əli Laricani siyasətə məhz SEPAH- dan gəlib. O, 1980-ci illərdə bu qurumun rəhbər heyətində təmsil olunub, daha sonra isə eks-prezident Haşimi Rəfsəncani tərəfindən Mədəniyyət və İslami İrşad naziri təyin edilib.

Görünən odur ki, SEPAH islahatçı prezidentdən daha çox, öz içlərindən çıxmış mühafizəkar yönümlü siyasətçiyə etibar edir. Müctəba Xamenei ali rəhbər vəzifəsinin real icrasına başladıqdan sonra da, böyük ehtimalla, onun qərarlarında ən təsirli qurum məhz SEPAH olacaq. Proseslərin gedişatı göstərir ki, 1979-cu ildə Xomeyninin əsasını qoyduğu teokratik sistem artıq dağılmaq üzrədir".

Picture

Zeynal Əmrəliyevin fikrincə, İran faktiki olaraq dini rejimdən hərbi diktaturaya qədəm qoyur:
"Əgər SEPAH-ın rəhbərliyi hərbi rəhbərlik tərəfindən nizama gətirilməsə, ölkə tamamilə hərbçilərin idarə etdiyi bir hərbi diktaturaya çevriləcək. Digər bir mühüm məsələ isə SEPAH-ın müharibə vəziyyətindən istifadə edərək Pezeşkian hökumətinə göstərdiyi iqtisadi təzyiqdir. Onlar müharibə şəraitindən istifadə edərək dəfələrlə çox maliyyə tələb edirlər ki, bu da hökumətin və iqtisadiyyatın həddindən artıq yüklənməsinə gətirib çıxarır. Nəticə etibarı ilə bu vəziyyət hökumətin işini iflic edir. Görünən odur ki, "başıpozuq" generallarla Məsud Pezeşkianı qarşıda daha çətin günlər gözləyir".

Xalidə Gəray
Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr