AZ

Azər Badamov: Zəngəzur dəhlizinin açılması yalnız regional deyil, həm də beynəlxalq ticarət üçün əlavə imkanlar yaradır

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Zəngəzur dəhlizi regionda nəqliyyat və iqtisadi əməkdaşlığın gələcəyi baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Bildiyimiz kimi, son illərdə Orta dəhliz Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat və logistika marşrutlarından biri kimi getdikcə daha çox önəm qazanır. Bu marşrut vasitəsilə yüklərin daha qısa müddətdə və alternativ yollarla daşınması mümkün olur. Bu baxımdan Zəngəzur dəhlizinin yaradılması Orta dəhlizin potensialını daha da artıran addım kimi qiymətləndirilə bilər”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov danışıb. Deputat bildirib ki, əgər Ermənistanla sülh razılaşması əldə olunarsa və marşrut reallaşarsa, bu layihə ilk növbədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat, enerji və rabitə xətlərinin qurulmasına imkan yaradacaq: “Bu da həm ölkədaxili iqtisadi əlaqələrin güclənməsi, həm də regionda logistika şəbəkəsinin genişlənməsi baxımından strateji əhəmiyyətə malikdir. Naxçıvanın coğrafi mövqeyi nəzərə alınarsa, bu region gələcəkdə mühüm nəqliyyat və ticarət qovşaqlarından birinə çevrilə bilər.

Digər tərəfdən, marşrutun Ermənistan ərazisindən keçməsi həmin ölkə üçün də yeni iqtisadi imkanlar yaradacaq. Ermənistan uzun müddət regional nəqliyyat layihələrindən kənarda qalmışdı. Bu dəhlizin açılması onu regional tranzit sisteminə qoşaraq tranzit ölkəyə çevrilmək imkanını yarada bilər. Bu da nəqliyyat xidmətlərindən əldə olunan gəlirlər, logistika infrastrukturu, yeni investisiya layihələri və iqtisadi aktivliyin artması deməkdir”.

Azər Badamov

Azər Badamov qeyd edib ki, bu gün əsas beynəlxalq dəhlizlərdə dayanmaların baş verməsi Azərbaycan üzərindən keçən beynəlxalq logistik dəhlizlərə qlobal marağı artırıb: “Orta dəhliz və onun bir seqmenti hesab olunan Zəngəzur dəhlizi yalnız bir və ya iki ölkə üçün deyil, ümumilikdə region üçün mühüm əhəmiyyət daşıyır. Çünki nəqliyyat dəhlizləri iqtisadi inteqrasiyanın əsas alətlərindən biridir. Nəqliyyat və logistika əlaqələri genişləndikcə ticarət dövriyyəsi artır, biznes əlaqələri güclənir və region ölkələri arasında qarşılıqlı iqtisadi asılılıq formalaşır. Bu isə uzunmüddətli perspektivdə sabitlik və əməkdaşlıq üçün də mühüm amildir”.

“Orta dəhliz artıq qlobal ticarət marşrutları içərisində daha çox diqqət çəkir. Asiya ilə Avropa arasında ticarət həcmi artdıqca alternativ və təhlükəsiz nəqliyyat marşrutlarına ehtiyac da artır. Bu baxımdan regionda Zəngəzur dəhlizinin açılması yalnız regional deyil, həm də beynəlxalq ticarət üçün əlavə imkanlar yaradır. Ümumilikdə belə layihələrin həyata keçirilməsi region ölkələri arasında iqtisadi əməkdaşlığın daha da güclənməsinə, logistika imkanlarının genişlənməsinə və ticarət əlaqələrinin inkişafına ciddi təkan verə bilər. Ən əsası isə bu təşəbbüs regionda iqtisadi əlaqələrin genişlənməsi ilə yanaşı, uzunmüddətli sabitlik və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaq”-deyə Azər Badamov bildirib.

İradə Cəlil, Bizmyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
icma.az

1Mənbələr