AZ

Politoloq Oqtay Qasımov: Azərbaycan dünyanın dini və etnik baxımdan ən tolerant, unikal siyasət yürüdən ölkələrdən biridir

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-da fəaliyyət göstərən United States Commission on International Religious Freedom hesabatında Azərbaycanı dini azadlıqların ciddi şəkildə pozulduğu ölkə kimi təqdim edib. Hesabatda bəzi şiə din xadimlərinin guya inanclarına görə həbs edildiyi və pis rəftara məruz qaldığı iddia olunur. Bundan əlavə, sənəddə Dağlıq Qarabağ ilə bağlı erməni məhbuslara qarşı zorakılıq və dini abidələrin dağıdılması barədə iddialar yer alıb. Azərbaycan tərəfi isə bu məlumatları qərəzli və əsassız ittihamlar kimi qiymətləndirir.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-da hansısa bir qeyri hökumət təşkilatının yayımladığı hesabatlar dövlətin rəsmi mövqeyini ifadə etmir: “Adətən bu cür təşkilatlar zamanında Amerika Birləşmiş Ştatları tərəfindən yumşaq güc olaraq istifadə edilib və öz siyasətini həyata keçirmək üçün təzyiq mexanizminə çevrilib. Qeyd olunan hesabatda irəli sürülən iddialar absurd iddialardır. Azərbaycanda din azadlığının pozulduğu, insanların dini əqidəsinə görə təzyiq altında olduğu və sair bu cür iddialar tamamən qəbuledilməzdir. Çünki bu iddiaları Azərbaycana yapışdırmaq mümkün deyil. Azərbaycan dünyanın dini və etnik baxımdan ən tolerant ölkələrindən biridir və dəfələrlə ən yüksək beynəlxalq səviyyədə bu məsələyə toxunulub. Azərbaycanın unikal bir siyasət yeritdiyi və unikal bir ölkə olduğu hər zaman vurğulanıb. Bu baxımdan bu iddialar qətiyyən absurd, əsassız, qəbuledilməzdir”.

Oqtay Qasımov

“Azərbaycanın guya şiə alimlərinin, nümayəndələrinin həbs olunması və din xadimlərinin tutulması məsələsinə gəldikdə, Azərbaycan dini inanclarına görə kimisə həbs etməyib. Həbs olunan şəxslərin əksəriyyəti məhkəmə və istintaq materialları da aydın olub ki, bunlar konkret olaraq başqa dövlətlərin agentura şəbəkəsinə daxil olublar və məhz onların tapşırığı ilə bu zərərli təbliğat fəaliyyətləri ilə məşğul olublar, dövlət təhlükəsizliyinə xələl gətirməyə çalışıblar”-deyə Oqtay Qasımov qeyd edib.

Oqtay Qasımov bildirib ki, burada niyyətlər heç də dini inanclarla bağlı deyil: “Burada hansısa bir dövlətin sifarişi ilə şəriət dövləti qurmaq, dövlət çevrilişi etmək və sair kimi məsələlər ortaya çıxıb. Bütün bunlar faktlarla da sübut olunub və həmin şəxslər də öz əməllərinə, dini baxışlarına deyil, əməllərinə görə cəza alıblar”.

Qarabağdan köçən ermənilər və orada erməni abidələrinin dağıdılması məsələsinə gəldikdə Oqtay Qasımov vurğulayıb ki, bunlar absurd iddialardır: “Bunların əsas məlumat mənbələri Ermənistanda fəaliyyət göstərən bir çox təşkilatlardır ki, onlardan bu məlumatlar alınır. Burada sadəcə olaraq, məqsəd Azərbaycanı qaralamaq, təzyiq altında saxlamaqdır. Amma bu tipli yayılan məlumatlar ABŞ və Azərbaycan arasında münasibətlərə zərər vurmaz. Çünki bizim münasibətlərimiz hazırda son səkkiz ayda kifayət qədər ciddi və intensiv inkişaf xəttinə daxil olub və bu yüksələn xətt üzrə davam edir. Keçən ay da ABŞ-ın vitse prezidenti Azərbaycana səfər etdi. Burada kifayət qədər ciddi müzakirələr oldu və strateji tərəfdaşlıq haqqında xartiya da imzalandı. Yəni bu tipli təşkilatların bu cür açıqlamaları xoş olmasa da, amma dövlətlərarası münasibətlərə ciddi təsir edəcəyini düşünmürəm”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
icma.az

1Mənbələr