AZ

Müharibə, enerji bazarı və Azərbaycanın strateji mövqeyi

Yaxın Şərqdə, xüsusilə İran ətrafında baş verən hərbi-siyasi proseslər qlobal enerji bazarına ciddi təsir göstərməkdədir. Regionda müharibənin uzanması diqqəti yalnız təhlükəsizlik məsələlərinə deyil, həm də bu proseslərin iqtisadi nəticələrinə yönəldir. Xüsusilə neft və qaz qiymətlərində müşahidə olunan artım qlobal enerji sistemində yeni risklərin formalaşdığını göstərir.

Bu kontekstdə ən həssas nöqtələrdən biri Hörmüz boğazıdır. Dünyada gündəlik ixrac olunan neftin təxminən 20 faizi, başqa sözlə, gündə 20–21 milyon barel neft məhz bu strateji marşrut vasitəsilə daşınır. Bu səbəbdən regionda yaranan hərbi gərginlik və ya marşrutun bağlanması ehtimalı qlobal enerji bazarında dərhal qiymət artımına səbəb olur. Artıq neftin bir barelinin qiymətinin 89 dolları keçməsi, may ayı üzrə fyuçers qiymətlərinin isə 116 dollar səviyyəsinə qalxması bu tendensiyanın real göstəricisidir”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Deputat bildirib ki, belə bir şəraitdə enerji ixrac edən ölkələr üçün yeni iqtisadi imkanlar yarana bilər: “Azərbaycan da bu baxımdan xüsusi mövqeyə malikdir. Ölkəmizin neft ixracı Baku–Tbilisi–Ceyhan  boru kəməri və digər alternativ marşrutlar vasitəsilə həyata keçirilir və bu ixrac marşrutları Hörmüz boğazından asılı deyil. Bu isə o deməkdir ki, qlobal bazarda qiymət artımı baş verdiyi zaman Azərbaycan fiziki logistika problemləri yaşamadan daha yüksək qiymətdən satış imkanı əldə edə bilər.

Lakin bu prosesin yalnız iqtisadi üstünlüklərlə qiymətləndirilməsi düzgün olmazdı. Çünki enerji qiymətlərinin kəskin artımı adətən regional və ya qlobal gərginlik fonunda baş verir. Bu isə dünya iqtisadiyyatında inflyasiya təzyiqinin artmasına, istehlakın azalmasına və iqtisadi qeyri-müəyyənliyin dərinləşməsinə səbəb olur. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycanın idxalının təxminən yarısı məhz regional müharibənin təsir etdiyi ölkələrdən gəlir. Bu isə idxal qiymətlərinin bahalaşması və daxili inflyasiya riskinin yüksəlməsi deməkdir”.

Deputat əlavə edib ki, məhz bu səbəbdən Azərbaycan rəhbərliyi enerji bazarında qeyri-sabit qiymət artımını uzunmüddətli üstünlük kimi qiymətləndirmir. Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bu məsələyə xüsusi diqqət çəkərək bildirib:
“Neft və qaz qiymətlərinin kəskin yüksəlişi yalnız istehlakçılar üçün deyil, geniş mənada bir çox problemlər yaradır. Kimsə düşünürsə ki, bu tarazlaşdırılmamış qiymət neft istehsalçıları və ixracatçıları üçün faydalıdır, bu yanlışdır”.

Dövlət başçısı qeyd edib ki, enerji ixrac edən ölkələrin böyük hissəsi əldə olunan gəlirləri suveren fondlar vasitəsilə qlobal maliyyə bazarlarına yönəldir və maliyyə bazarlarında baş verən sarsıntılar nəticəsində bu ölkələr yüksək neft qiymətlərindən əldə etdiklərindən daha çox itki ilə üzləşə bilərlər. Buna görə də Azərbaycan OPEC+ formatında məsuliyyətli mövqe nümayiş etdirərək tarazlı və proqnozlaşdırıla bilən enerji qiymətlərinin tərəfdarıdır.
Prezident həmçinin vurğulayıb ki, müasir dövrdə enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Azərbaycan isə bu sahədə çoxşaxəli fəaliyyət göstərən nadir ölkələrdən biridir. Ölkə neft, qaz, neft-kimya məhsulları və elektrik enerjisi istehsal edib ixrac edən mühüm regional enerji mərkəzinə çevrilib.

Son illərdə Azərbaycanın qaz ixracının coğrafiyası da əhəmiyyətli dərəcədə genişlənib. Bir il ərzində Azərbaycan qazını alan ölkələrin sayı 12-dən 16-ya yüksəlib və bu qazın hamısı boru kəmərləri vasitəsilə nəql olunur. Bu göstəriciyə görə Azərbaycan boru kəməri ilə qaz ixrac edən ölkələr arasında coğrafi əhatə baxımından dünyada birinci yerdə qərarlaşıb”.

O qeyd edib ki, enerji məsələsi ilə yanaşı, Prezident İlham Əliyev çıxışında digər strateji mövzu – regional nəqliyyat bağlılığına da toxunub. “O qeyd edib ki, münaqişələr ənənəvi nəqliyyat marşrutlarını pozur və bu, qlobal tədarük zəncirlərinə ciddi zərbə vurur. Azərbaycan isə enerji gəlirlərini məhz nəqliyyat və logistika infrastrukturunun inkişafına yönəltməklə bu sahədə mühüm regional mərkəzə çevrilib.

Bu gün Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərində əsas tərəfdaşlardan biridir. Xüsusilə Orta Dəhliz və digər regional layihələr ölkənin geoiqtisadi rolunu daha da artırır. Ermənistanla sülh əldə olunacağı təqdirdə isə regionda yeni nəqliyyat istiqamətinin açılması və Azərbaycanın əsas hissəsinin Naxşıvan Muxtar Respublikası ilə birləşdirilməsi mümkün olacaq.

Beləliklə, Yaxın Şərqdə baş verən müharibə qlobal enerji bazarında ciddi dalğalanmalar yaratsa da, Azərbaycan üçün qısa və orta müddətdə müəyyən fiskal üstünlüklər formalaşdıra bilər. Lakin ölkənin strateji yanaşması bu müvəqqəti gəlirləri iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına və uzunmüddətli sabitliyə yönəltməkdir.

Bu isə Azərbaycanın enerji bazarındakı mövqeyini yalnız ixracatçı ölkə kimi deyil, həm də qlobal enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi möhkəmləndirir”,- deputat  bildirib.

 Mürtəza

Seçilən
74
2
olke.az

3Mənbələr