AZ

Bürclərə inananlar “Cəhənnəm”ə gedəcək? – İlahiyyatçı elə şeylər danışdı ki…

Bürclərə və astrologiyaya inam mövzusu cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdəndir. Bəzi ilahiyyatçılar bu inancın dini baxımdan doğru olmadığını və insanları yanlış düşüncəyə yönləndirə biləcəyini bildirirlər.

Dinə görə bürclərə inanmaq nə dərəcədə doğru sayılır və bunun insanın inancına təsiri varmı? Cəhənnəmə düşməyə səbəb ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib:

Əkrəm Həsənov

“Mən oxuduqlarıma və başa düşdüklərimə əsasən deyə bilərəm ki, bürclərlə bağlı deyilənləri böyük alimlər həqiqət kimi qəbul etməyiblər. Yəni, bürclərdə sənin haqqında deyilənlər tam həqiqət deyil. Qədim zamanlardan bu elmlə məşğul olan alimlər olublar və onlar da insanlara xatırladıblar ki, bürclərlə bağlı deyilənlər tam həqiqət deyil. Çünki, dəqiq elmə dayanmayan təxmini izahlardır”.

“Elə insanlar var ki, onlar bürclərdə deyilənləri sanki həqiqət kimi qəbul edirlər. Bəzən müşahidə edəndə isə məyus olurlar ki, axı mənim bu günkü, ya bu həftədəki bürcüm mənə uğurlu olduğunu demişdi. Məhz bu səbəbdən bürc elminə tam dəqiq elm kimi baxmaq səhvdir. Həqiqətdə baxanda bu mövzu cəmiyyətdə tez-tez müzakirə olunur və insanların çoxu bəzən fərqinə varmadan astrologiya ilə astronomiyanı bir-biri ilə qarışdırır, — deyə ilahiyyatçı əlavə edib.

Məsələni düzgün anlamaq üçün əvvəlcə bu iki anlayışı ayırmaq lazımdır deyən Əkrəm Həsənov izah edib:

“Astronomiya kainatı, ulduzları və planetləri öyrənən elmdir. Astrologiya isə ulduzların və planetlərin insan taleyinə birbaşa təsir etdiyini iddia edən qədim inanclar sistemidir. İslam alimlərinin böyük əksəriyyəti də məhz bu fərqi xüsusi vurğulayıblar.
Qurani Kərimdə ulduzların yaradılışı haqqında danışılarkən onların əsas funksiyasının insanlara istiqamət göstərmək və kainatın nizamını nümayiş etdirmək olduğu bildirilir. Nəhl surəsinin 16-cı ayəsində buyurulur ki, Allah yer üzündə yolların nişanələrini yaratdı və insanlar ulduzlarla istiqamət tapırlar. Bu ayə göstərir ki, ulduzların yaradılışında hikmət var və insan onlardan naviqasiya və kainatı anlamaq üçün istifadə edə bilər”.

“Lakin Quranda heç bir yerdə ulduzların insan taleyini müəyyən etdiyi qeyd olunmur.
Əksinə Quranda insan taleyinin Allahın elmində olduğu açıq şəkildə vurğulanır. Qəmər surəsinin 49-cu ayəsində belə buyurulur ki, Biz hər şeyi müəyyən ölçü ilə yaratdıq. İslam düşüncəsində taleyi müəyyən edən ulduzlar deyil, Allahın iradəsi və insanın öz seçimi hesab olunur.
Peyğəmbər Məhəmməd (s.ə.s) də bu mövzuda açıq mövqe bildirib. Səhih hədislərdə rəvayət olunur ki, o buyurub: Kim ulduzlardan bir bilik öyrənərsə, sehrdən bir hissə öyrənmiş olar. Bu hədis İbn Məcə və Əbu Davud kimi hədis mənbələrində qeyd olunur. Burada məqsəd astronomiya deyil, ulduzların insan taleyini idarə etdiyini iddia edən astrologiyadır”, — deyə Ə. Həsənov qeyd edib.

Mühüm məqama toxunan ilahiyyatçı Əkrəm Həsənov sonda vurğulayıb:

“Bir insan sadəcə maraq xatirinə bürclər haqqında oxuyursa və onları əyləncə kimi qəbul edirsə, bu başqa məsələdir. Amma əgər insan həyat qərarlarını bürclərə əsasən verirsə və taleyinin ulduzlar tərəfindən müəyyən olunduğunu düşünürsə, bu artıq dini baxımdan problemli sayılır.
Cəhənnəmə düşmək məsələsinə gəldikdə isə İslam alimləri belə mövzuları qəti hökm kimi təqdim etməyi düzgün saymayıblar. Çünki bir insanın aqibətini yalnız Allah bilir. İslam düşüncəsində əsas prinsip budur ki, insanın imanını təhlükəyə atan hər bir inancdan uzaq durmaq lazımdır. Bu səbəbdən İslam alimlərinin ümumi mövqeyi belədir ki, ulduzları və kainatı öyrənmək elm və təfəkkür baxımından dəyərlidir. Lakin ulduzların insan taleyini idarə etdiyini qəbul etmək nə dini, nə də elmi baxımdan əsaslı sayılır. İnsan taleyi ulduzların mövqeyindən deyil, Allahın iradəsi və insanın etdiyi seçimlərdən asılıdır”.

Dəniz Pənahova
KONKRET.az

Seçilən
35
1
konkret.az

2Mənbələr