Azərbaycan Türkiyə Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) prezidenti Ruslan İmanzadə Özbəkistanın Mərkəzi Tele Radio Mərkəzinin (MTRK) şöbə müdiri, jurnalist Dildora Abdullayeva ilə görüşüb.
Newscenter.az-a ATUIAB-dan bildirilib ki, Özbəkistanda azərbaycanlıların işlətdiyi "Yeməli" adlı restoranda baş tutan görüşdə Azərbaycan və Özbəkistanın televiziya, radio proqramları, ümumilikdə hər iki ölkənin media subyektləri arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.
Bildirilib ki, tərəflər qeyd edilən sahədə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan 5 layihə ətrafında fikir mübadiləsi aparıblar. Həmin layihələrin Novruz bayramından sonra həm Azərbaycan, həm də Özbəkistanda həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə Azərbaycandan televiziya və Soy Production əməkdaşlarının Özbəkistana səfəri baş tutacaq. Tərlan Yaşarnur və onun komandasının bir həftə davam edəcək səfəri çərçivəsində Özbəkistandakı televiziya və radio qurumlarında görüşləri keçiriləcək.
Bundan başqa görüşdə digər mühüm məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Özbəkistanla Azərbaycan arasında iqtisadi, mədəni, elmi, media sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində də müzakirələr aparılıb. Gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan elmi layihələrdə ATUİAB-ın Azərbaycandakı tərəfdaşı "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyi, media sahəsində əlaqələrin inkişafında isə Newscenter.az xəbər protalının iştirakı nəzərdə tutulur.
Süleyman