AZ

Autizmli övladların 18 yaşı: dövlət dəstəyi niyə birdən-birə kəsilir?

Bu yaxınlarda üzləşdiyim bir problemi ictimaiyyətlə bölüşmək istəyirəm. Söhbət təkcə mənim ailəmdən yox, Azərbaycanda autizm və digər əqli məhdudiyyətlərlə yaşayan yüzlərlə ailənin qarşılaşdığı sistem problemindən gedir.

Oğlum uşaqlıqdan autizm sindromundan əziyyət çəkir və buna görə ona 1-ci qrup əlillik təyin olunmuşdu. O, 18 yaşına yaxınlaşanda qəyyumluğun rəsmiləşdirilməsi üçün sənədləri toplamağa başladıq. Lakin məhkəməyə müraciət etdikdə bizə bildirildi ki, qanuna görə 18 yaşı tamam olmayana qədər qəyyumluqla bağlı ərizə qəbul edilmir.

Nəticədə paradoksal və çox ağır bir vəziyyət yaranır.

2026-cı ilin ilk günlərindən oğluma verilən əlillik müavinəti və anasına verilən baxım pulu dayandırıldı. Dövlət Sosial Müdafiə Fondundan bizə bildirildi ki, 18 yaşı tamam olan əlilliyi olan şəxs yeni pensiya kartı almaq üçün ya özü müraciət etməlidir, ya da onun rəsmi qəyyumu bunu etməlidir.

Amma sual yaranır:

özünü idarə edə bilməyən, əqli məhdudiyyətləri olan bir insan bunu necə etsin?

Qəyyumluğun rəsmiləşdirilməsi isə bəzən 6–8 ay davam edir. Bu müddət ərzində ailə nə ilə dolanmalıdır? Bu dövrdə həmin insanın müalicəsi, qidası, gündəlik ehtiyacları necə qarşılanmalıdır?

Daha bir problem isə ondan ibarətdir ki, sonradan əlillik pensiyası bərpa olunsa belə, həmin müddət ərzində valideynə verilən baxım pulu geri ödənilmir.

Bəs niyə?

Valideynin günahı nədir ki, məhkəmə qanunvericiliyə görə 18 yaş tamam olmadan sənədi qəbul etmir?

Bu vəziyyət faktiki olaraq o deməkdir ki, dövlət sistemində yaranmış hüquqi boşluğun yükünü autizmli və əqli məhdudiyyətli insanların ailələri daşımalı olur.

Son zamanlar Milli Məclisdə uşaqlara qarşı zorakılığa görə cərimələrin tətbiqi məsələsi müzakirə olunur. Bu, əlbəttə ki, vacib məsələdir. Lakin eyni zamanda, əlilliyi olan övlad böyüdən və illərlə müxtəlif dövlət qurumlarının qapılarında sənədləşmə prosesi ilə üzləşən valideynlərin problemləri də diqqət mərkəzində olmalıdır.

Əlilliyi olan insanların məşğulluğunu təmin etmək üçün qanunvericilikdə kvotalar nəzərdə tutulur. Lakin bu kvotaların real icrasına nəzarətin olub-olmaması da ciddi suallar doğurur.

Əlilliyi olan insanların və onların ailələrinin sosial müdafiəsi yalnız qanunlarda deyil, real həyatda da təmin olunmalıdır.

Çünki söhbət statistikadan yox, insanların həyatından gedir.

Əhməd Rəhmanov

Qarabağ müharibəsi əlili və əlil övlad atası 

Seçilən
43
azreform.info

1Mənbələr