Gəncədə 15 gündən çoxdur dam örtüyü uçan baxçanın taleyi necə olacaq?
Bu il fevralın 27-də Gəncədə güclü külək şəhər ərazisində bir sıra fəsadlara səbəb olub. Təbii hadisə nəticəsində şəhərdə fəaliyyət göstərən 46 saylı körpələr evi-uşaq bağçasının bir korpusunun dam örtüyü aşıb. Hadisə zamanı xəsarət alan olmasa da binanın böyük bir hissəsi dam örtüksüz qalıb. Hələlik hava şəraiti yağmursuz keçdiyindən binanın içərisinin bərbad hala düşməsi faktı qeydə alınmayıb.
Hadisənin baş verdiyi tarixdən bu günədək dağılan konstruksiya hələ də yerdədir. Adı çəkilən tədris müəsisəsindən Bizim.Media-nın yerli bürosuna bildirilib ki, dəymiş zərərin miqyası dəyərləndirilib:
“Yaxın günlərdə təhsil müəssisəsində zəruri təmir-bərpa işlərinin həyata keçirilməsi planlaşdırılır və bağçanın infrastrukturunun əvvəlki vəziyyətinə qaytarılması nəzərdə tutulur. Müvafiq qurumlar tərəfindən proses nəzarətdə saxlanılır. Qeyd edirik ki, hazırda təhsil müəssisəsində təlim-tədris prosesinin fasiləsizliyi təmin edilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə uşaqların məşğələləri müəssisənin digər korpusunda davam etdirilir”.
Uşaq bağçasından uçmuş dam örtüyünün təmir oluncağı bildirilsə də işlərin nə zaman başlanacağı haqqında dəqiq məlumat verilməyib.
Bir məsələni də vurğulamaq lazımdır ki, dam örtüyü uçan binanın uşaqları digər otaqlarda yerləşdirlib, bu da təbii sıxlıq yaradıb. Valideynlər bu cür sıx şəraitdə uşaqların yerləşdirilməsindən narazılıqlarını bildirirlər. Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin münasibətini öyrənmək istəsək də bu mümkün olmadı.
Məlumat üçün bildirək ki, 46 saylı körpələr evi – uşaq bağçasının binası 1974 cü ildə tikilərək təhvil verilib. Hazırda burada 162 uşaq tərbiyə alır.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta