Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda İranın daxili iyerarxiyasında və hərbi ritorikasında baş verən dəyişikliklər diqqət mərkəzindədir. Xüsusilə, Müctəba Xameneyinin son müraciətində yer alan kəskin ifadələr rəsmi Tehranın münaqişəyə yanaşmasında yeni və daha sərt bir mərhələyə qədəm qoyduğunu göstərir.
Musavat.com xəbər verir ki, bu sözləri "TV Musavat"ın canlı efirində siyasi şərhçi Elçin Alıoğlu deyib.
O bildirib ki, Müctəba Xameneyinin müraciətini şəxsən dinləyib və orada diqqətçəkən iki çox qəribə cümlə mövcuddur.
Ekspert qeyd edib ki, 1979-cu ildən bu yana İranın Ali Rəhbəri (Rəhbər-e İnqilab və ya Fərmandar-e Küll-e Qüvva — bütün qüvvələrin baş komandanı) tərəfindən cəmi iki dəfə bu qədər sərt çıxış edilib: birinci dəfə Ayətullah Xumeyni tərəfindən İraq müharibəsi zamanı, ikinci dəfə isə Ayətullah Xameneyi tərəfindən 12 günlük müharibə dövründə. Bu, artıq üçüncü belə sərt müraciətdir.
E.Alıoğlu audio müraciətdəki birinci sakral cümləyə diqqət çəkib: “Ma taslim nemishavim, be khun be aghushte mishavim, az doshman ra majbur mikonam ke montazer bemanad”.
Bu, tərcümədə “Biz qan içində yuyunsaq da, düşməni gözləməyə vadar edəcəyik” deməkdir. İkinci cümlədə isə bildirilir:
“Anha nafrat-shode-and, be enteqam-e sangin mi-girim”, yəni “Onlar lənətləniblər və biz onlardan faciəvi (ağır) qisas alacağıq”.
Siyasi şərhçi vurğulayıb ki, İrandakı "Vilayət-e Fəqih" sistemini və əhalinin əksəriyyətinin Cəfəri məzhəbinə mənsubluğunu nəzərə alsaq, bu ritorika İranın artıq “Şəhadət-e Şühəda” strategiyasını işə salmasından xəbər verir. Bu, ölkənin son damla qanına qədər mübarizə aparacağı mesajıdır. Hazırda İranın bütün dövlət telekanallarında dini ritorikanın gücləndiyini, Həzrəti Əli, Həzrəti Hüseyn və Həzrəti Həsən adlarının çəkildiyini, Kərbəla müsibətindən və şəhadətdən bəhs olunduğunu deyən ekspert, xüsusi diqqətin Ramazan ayında İranın zərbələrə məruz qalmasına yönəldiyini bildirib. Onun sözlərinə görə, müraciətdəki “qan içində yuyunacağıq” ifadəsi adətən cihad fətvalarında istifadə edilən bir cümlədir.
Elçin Alıoğlu əlavə edib ki, bu mənzərə İranın əsla danışıqlara getməyəcəyini göstərir. O, Qərbin "danışıqlar" dedikdə kimi nəzərdə tutduğunun qaranlıq qaldığını qeyd edərək bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın hazırda müharibənin aparılması və ya dayandırılması ilə bağlı səlahiyyətləri sıfıra bərabərdir. Müharibəni dayandıra biləcək şəxslər bilavasitə Müctəba Xameneyi və onun ətrafındakı Əli Laricani ilə Məhəmməd Baqir Qalibafdır. Lakin onların hər ikisi hazırda ABŞ və İsrailə qarşı nifrət dolu bəyanatlarla çıxış edirlər. Ekspert sonda vurğulayıb ki, Qərb nə qədər hərbi obyektləri, SEPAH-ı və ya Bəsici vursa da, bu, yalnız xarici auditoriya üçün qələbə görüntüsü yarada bilər, lakin mövcud hakimiyyətin təslim olması anlamına gəlmir.
Musavat.com