AZ

Zambiyanın sabiq prezidentinin cəsədi dəfnlə bağlı mübahisə səbəbindən doqquz aydır meyitxanada qalır

Stokholm, 14 mart, AZƏRTAC

Doqquz ay əvvəl Cənubi Afrikanın Pretoriya şəhərindəki xəstəxanada vəfat etmiş Zambiya Prezidenti Edqar Lunqunun cəsədi hələ də dəfn olunmayıb.

AZƏRTAC İsveçin “Dagens Nyheter” nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun ailəsi ilə dövlət arasında uzun müddət davam edən qarşıdurmadır.

2015-2021-ci illərdə Zambiyaya rəhbərlik etmiş Eduard Lunqu əməliyyatdan sonrakı ağırlaşmalar səbəbindən 68 yaşında vəfat edib. Qohumlarının sözlərinə görə, ölümündən əvvəl o, əsas siyasi rəqibi və hazırkı Prezident Hakainde Hiçilemanın onun dəfn mərasimində iştirak etməməsini arzulayıb.

Ailə dəfn mərasiminin dövlət səviyyəsində keçirilməsinə qarşı çıxsa da, Zambiya hakimiyyəti sabiq dövlət başçısının rəsmi şəkildə dəfn edilməsində israr edir. Bu məqsədlə artıq paytaxt Lusakadakı digər prezidentlərin dəfn olunduğu “Embassy Park” qəbiristanlığında yer hazırlanıb.

H.Hiçilemanın mərasimdə iştirak edə biləcəyi aydın olduqda, qohumları Cənubi Afrikada dəfn mərasimini hazırlamağa başlayıblar. Zambiya hökuməti Cənubi Afrikada məhkəməyə müraciət edib və qərarın öz xeyrinə çıxarılmasına nail olub, lakin iş üzrə bir neçə dəfə apellyasiya şikayəti verilib. Ailə üzvlərinin Lunqunun zəhərləndiyini iddia etməsindən sonra əlavə gərginlik yaranıb.

Zambiyada dəfn mərasimi ilə bağlı münaqişə iki lider arasında uzun müddət davam edən siyasi qarşıdurmanın davamı kimi qəbul edilir və bu qarşıdurma artıq siyasət çərçivəsindən kənara çıxaraq simvolik xarakter alıb.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Seçilən
19
2
azertag.az

3Mənbələr