XX əsrin ikinci yarısının ən nüfuzlu siyasi və sosial filosoflarından biri hesab olunan alman mütəfəkkiri Yurgen Habermas vəfat edib. Kommunikativ fəaliyyət nəzəriyyəsi və diskurs etikası kimi ideyalarla müasir fəlsəfəyə dərin təsir göstərən Habermas 96 yaşında dünyasını dəyişib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, tanınmış alman filosofu və sosioloqu Yurgen Habermas 96 yaşında vəfat edib. Bu barədə Suhrkamp Verlag nəşriyyatı filosofun ailəsinə istinadən məlumat yayıb. Bildirilib ki, Habermas 14 mart şənbə günü Bavariyanın Ştarnberq şəhərində dünyasını dəyişib.
Yurgen Habermas XX əsrin ikinci yarısının ən təsirli siyasi və sosial düşünürlərindən biri hesab olunur. O, kommunikativ fəaliyyət nəzəriyyəsi və diskurs etikası kimi konsepsiyaların müəllifidir. Filosof eyni zamanda müasir cəmiyyətin tənqidi təhlili ilə məşğul olan və neomarksizm ənənəsi ilə bağlı olan məşhur Frankfurt məktəbinin ikinci nəsil nümayəndələrindən biri idi.
Habermas onilliklər boyunca Avropada və dünyada baş verən əsas ictimai-siyasi müzakirələrdə fəal iştirak edib və demokratik cəmiyyət, ictimai müzakirə və vətəndaş şüuru ilə bağlı ideyaları ilə tanınıb.
Filosof 1929-cu il 18 iyunda Düsseldorfdə anadan olub. O, Göttingen, Sürix və Bonn universitetlərində fəlsəfə, tarix, psixologiya, alman ədəbiyyatı və iqtisadiyyat üzrə təhsil alıb. Habermas hələ tələbəlik illərində müxtəlif qəzet və jurnallar üçün məqalələr yazırdı. Doktorluq dərəcəsini aldıqdan sonra isə bir müddət müstəqil jurnalist kimi fəaliyyət göstərib.
1962-ci ildə onun doktorluq işi olan “İctimaiyyətin struktur dəyişməsi” (Strukturwandel der Öffentlichkeit) adlı əsəri nəşr olunub. Habermasın əsas əsəri isə 1981-ci ildə çap edilən “Kommunikativ fəaliyyət nəzəriyyəsi” (Theorie des kommunikativen Handelns) kitabı hesab olunur. Bu əsərdə o, demokratik cəmiyyətdə rasional dialoqun və ictimai müzakirənin rolunu geniş şəkildə izah edib.
Yurgen Habermas uzun illər Frankfurt-Mayn Universitetində fəlsəfə və sosiologiya dərsi deyib. O, elmi fəaliyyəti və demokratiya ideyalarına sadiqliyi ilə bağlı çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb. Bu mükafatlar arasında Teodor Adorno mükafatı, Hans və Sofi Şoll mükafatı, Alman kitab ticarəti sülh mükafatı və Kioto mükafatı da var.
Musavat.com