AZ

Pəhləvinin sürgündəki oğlu keçid hökumətindən danışır

1979-cu il inqilabından sonra devrilmiş İran şahının oğlu Rza Pəhləvi yenidən hakimiyyət iddiaları ilə gündəmə gəlib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hazırda ABŞ-da yaşayan Pəhləvi sosial şəbəkədə paylaşım edərək İranda mövcud hakimiyyətin devriləcəyi halda ölkəyə rəhbərlik etməyə hazır olduğunu bildirib.

O iddia edib ki, artıq İran daxilində və xaricində fəaliyyət göstərə biləcək şəxslərin müəyyənləşdirilməsi üzərində işləyir və bu şəxslər onun dediyi “keçid sistemi”nin müxtəlif strukturlarına rəhbərlik edə bilərlər.

“Ölkə daxilində və xaricində müxtəlif sahələr üzrə bacarıqlı şəxslər müəyyənləşdirilib. Mənim rəhbərliyim altında keçid sistemi İslam Respublikası süqut edən kimi ölkənin idarəçiliyini öz üzərinə götürməyə hazır olacaq”, – deyə Pəhləvi bildirib.

Şahın oğlu həmçinin iddia edib ki, belə bir sistem qısa müddətdə ölkədə “nizam, təhlükəsizlik və azadlıq” yaradacaq və İranın inkişafı üçün şərait formalaşdıracaq.

Qeyd edək ki, Rza Pəhləvi 1979-cu ildə İran İslam İnqilabından sonra ölkədən qaçan sonuncu şah Məhəmməd Rza Pəhləvinin oğludur və uzun illərdir xaricdə yaşayır. İran daxilində isə onun siyasi təsirinin olduqca məhdud olduğu və əsasən xaricdə fəaliyyət göstərən monarxist qruplarla əlaqəli olduğu bildirilir.

Musavat.com

Seçilən
42
musavat.com

1Mənbələr