AZ

“Müharibə Allahı” Tehranda: Trampın süni intellekt QİYAMƏTİ BAŞLAYIR – ŞOK DETALLAR BU YAZIDA

ABŞ və İsrailin İrana qarşı apardığı hava kampaniyasının miqyası artıq 2003-cü ildə Səddam Hüseyn rejimini bir göz qırpımında iflic edən “Şok və Dəhşət” əməliyyatını geridə qoyub.

Lakin hədəflərin Süni İntellekt (Sİ) tərəfindən seçildiyi bu yeni dövrdə ekspertləri bir sual düşündürür: İnsan mənəviyyatı prosessorların sürətinə çata bilirmi? Körfəzdə münaqişənin aktiv fazasından iki həftə keçdikdən sonra hərbi analitiklər dünyanın ilk belə miqyaslı “alqoritmlər müharibəsi”nə şahidlik etdiyini bildirirlər. 1991-ci ildə “Səhrada Fırtına” əməliyyatı texnologiyanın zirvəsi hesab olunurdusa, bugünkü mənzərə həmin dövrü hiper-səs raketləri qarşısında ox-yay dövrü kimi göstərir.

NOCOMMENT.az xəbər verir ki, “The Economist”in məlumatına görə, İrana endirilən zərbələrin intensivliyi İraq müharibəsinin ən aqressiv mərhələlərini belə üstələyib. 2003-cü ilin martında koalisiya gündə təxminən 1300 uçuş həyata keçirirdisə, bu gün Pentaqon rəhbərliyi tətbiq olunan atəş gücünün iki dəfə artdığını bəyan edir. Lakin bu rəqəmlərin arxasında təkcə təyyarə sayı deyil, müharibənin təbiətindəki fundamental dəyişiklik — insan planlamasından maşın analizinin idarəetməsinə keçid dayanır.

Bu əməliyyatın ürəyi F-35 qırıcısının kabinası deyil, Floridada, Tampa şəhərində yerləşən CENTCOM qərargahıdır. Burada “Palantir” şirkəti tərəfindən hazırlanmış Maven sistemi minlərlə hədəfi — Nətənzdəki yeraltı bunkerlərdən tutmuş Zaqros dağlarındakı mobil raket qurğularına qədər — kod sətirlərinə çevirir. Maven sistemi insan beyninin emal edə bilməyəcəyi məlumat selini real vaxt rejimində sintez edir: casus peyklərinin çəkilişləri, radioelektron kəşfiyyat və ən əsası — açıq mənbələr. Məsələn, İsfahan ətrafında təsadüfi bir şəxs Teleqramda raket izi olan video paylaşarsa, Maven saniyələr içində smartfonun geolokasiyasını peyk arxivləri ilə müqayisə edir. Sistem cəmi bir neçə dəqiqə ərzində obyekti təsdiqləyir və onu məhv etmək üçün ən optimal sursat növünü təklif edir. ABŞ üçün İran strateji tapşırıqdırsa, İsrail üçün bu, varlıq mübarizəsidir. Məlumata görə, Amerika zabitləri “Mossad” və hərbi kəşfiyyat tərəfindən təqdim olunan hədəf bankının genişliyindən heyrətə gəliblər. İsrail illərdir təkcə hərbi bazaları deyil, SEPAH rəhbərlərinin mənzillərini, təchizatçı zavodları və rejimin həyat qabiliyyətini təmin edən infrastruktur nöqtələrini nöqtəbənöqtə müəyyən edib.

Lakin bu misilsiz səmərəliliyin arxasında “boz zona” gizlənir. Klassik müharibədə hədəfin aşkarlanması ilə düymənin basılması arasında saatlarla davam edən yoxlamalar və hüquqi ekspertizalar dayanırdısa, indi bu proses dəqiqələrə sığınıb. Hərbi hüquqşünaslar hələ də zərbə qərarlarını imzalayırlar, lakin onlar bunu tamamilə alqoritmin təqdim etiyi analitikaya əsaslanaraq edirlər. Saniyələr ərzində terabaytlarla məlumatı emal edən sistemin gəldiyi qənaətə bir insanın etiraz etməsi artıq demək olar ki, qeyri-mümkündür. Ekspertləri narahat edən əsas məsələ Sİ-nin tarixi məlumatlara söykənməsidir. Bir ay əvvəl hərbi anbar olan bina bu gün mülki sığınacaq ola bilər. Məsələn, bir məktəbin hərbi reyestrdə “hərbi-dəniz bazasının korpusu” kimi qalması alqoritm üçün sadəcə bir koordinat nöqtəsidir. Belə texniki yanaşma isə mülki itkilərin qaçılmaz olmasına yol açır.

“Biz yeni hədəflər şəklində daimi qurbanlar tələb edən bir ‘Müharibə Allahı’ yaratmışıq”, — deyə “Chatham House” analitikləri xəbərdarlıq edir. İrandakı hazırkı kampaniya hərb tarixinə texnologiyanın mütləq hakimiyyətinin sübutu kimi düşəcək. Lakin o, həm də dünya birliyi qarşısında ağır bir sual qoyub: “İdeal” alqoritm fatal insan səhvi törədəndə buna görə kim cavabdehlik daşıyacaq?

Əli Səfərli,
NOCOMMENT.az

Seçilən
66
nocomment.az

1Mənbələr