ABŞ prezidenti Tramp İranla bağlı sərt açıqlama verərək Vaşinqtonun Tehranı həm hərbi, həm də iqtisadi baxımdan tam məğlub etdiyini iddia edib.
Musavat.com xəbər verir ki, Tramp bildirib ki, ABŞ İranı hərbi və iqtisadi sahədə “tam dağıdıb və məhv edib”. Onun sözlərinə görə, hazırkı mərhələdə əsas məsələ Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasıdır.
ABŞ prezidenti vurğulayıb ki, Hörmüz boğazı vasitəsilə neft alan ölkələr bu marşrutun təhlükəsizliyini özləri təmin etməlidirlər. Tramp əlavə edib ki, Vaşinqton bu məsələdə digər dövlətlərlə əməkdaşlığa və koordinasiyaya hazırdır.
Onun sözlərinə görə, ABŞ bu ölkələrə dəstək verə və təhlükəsiz gəmiçilik üçün beynəlxalq koordinasiyanı təmin edə bilər.
Tramp hesab edir ki, Hörmüz boğazının təhlükəsizliyinin qorunması beynəlxalq əməkdaşlıq tələb edən məsələdir və bu proses “harmoniya, təhlükəsizlik və davamlı sülhə” töhfə verə bilər.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji bazarının ən strateji nəqliyyat marşrutlarından biri sayılır. Dünyada ixrac olunan neftin əhəmiyyətli hissəsi məhz bu boğaz vasitəsilə daşınır və bölgədəki hərbi-siyasi gərginlik qlobal enerji bazarına ciddi təsir göstərir.
Musavat.com