AZ

ABŞ hərbi bazaları hədəfdə: Yaxın Şərq ölkələrini nə gözləyir?

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran, İsrail və ABŞ arasında gərginlik davam edir. Müharibənin miqyasının böyüyəcəyi ehtimalı tez-tez müzakirə olunur. Bildirilir ki, qarşıdurma genişlənərsə, bunun təsiri yalnız bu ölkələrlə məhdudlaşmayacaq. Xüsusilə ABŞ-ın hərbi bazalarının yerləşdiyi Yaxın Şərq ölkələrinin təhlükəsizliyi və ümumi vəziyyəti də gündəmə gəlir.

Bəs İran-İsrail-ABŞ müharibəsi baş verərsə, ABŞ-ın hərbi bazalarının yerləşdiyi Yaxın Şərq ölkələrinə bunun hansı təsirləri ola bilər?

Globalinfo.az-a danışan politoloq Aydın Tağıyev bildirib ki, İsrail-İran-ABŞ qarşıdurması Yaxın Şərqdə gərginliyi artıq pik həddə çatdırıb.

Onun sözlərinə görə, ABŞ hərbi bazalarının yerləşdiyi ölkələr birbaşa hədəfə çevrilmək riski ilə üz-üzədir:

“Enerji bazarları ciddi təzyiq altındadır və diplomatik balans sürətlə dəyişir. Münaqişənin davam etməsi regionun sabitliyinə və qlobal enerji qiymətlərinə birbaşa təsir göstərə bilər. SEPAH-ın ABŞ-ın İraq, Suriya və Körfəz ölkələrində yerləşən bazalarına raket və dron hücumları bu ölkələrin təhlükəsizliyini daha da risk altına salır. ABŞ Prezidenti Donald Tramp “müharibənin böyük ölçüdə tamamlandığını” bəyan etsə də, Amerika bazaları hələ də hücum riski altındadır və bu təhlükə qalmaqdadır”.

Aydın Tağıyev

A.Tağıyevin sözlərinə görə, müharibənin regiona təsiri artıq hiss olunmaqdadır:

“Hətta Körfəz ölkələrində – Qətər, Bəhreyn, BƏƏ və Küveytdə hava hücumu siqnallarının tez-tez işə düşməsi əhali arasında narahatlıq yaradır və ictimai gərginliyi artırır. Hazırda İraqdakı ABŞ bazaları birbaşa hədəf hesab olunur və bu, ölkənin daxili sabitliyini zəiflədir. Eyni zamanda neft ixracı da risk altındadır. Bu vəziyyət İranla tarixi əlaqələri olan ölkələrin balans siyasətini daha da çətinləşdirir. Hava limanları, xarici banklar və hərbi bazalar hədəfə çevrildikcə maliyyə sektoru risk altına düşür, ticarət və turizm zəifləyir. Bu isə həmin ölkələrdə iqtisadi geriləmə ehtimalını artırır. ABŞ və İsrail hərbi üstünlüyə malik olsalar da, tam qələbə əldə etmək çətin görünür. Çünki İranın regional müttəfiqləri – “Hizbullah” və husilər aktiv fəaliyyət göstərir. Bu isə gələcəkdə region ölkələrində daha çox siyasi və sosial gərginlik yarada bilər. Diplomatik balans demək olar ki, pozulub. Körfəz ölkələri ABŞ-la müttəfiqdir, lakin İranla qonşuluq münasibətləri onları olduqca çətin vəziyyətdə saxlayır”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
globalinfo.az

1Mənbələr