AZ

İranın hava müdafiəsi niyə çökdü və necə “açıq qapı”ya çevrildi?

Ötən ilin yayındakı qarşıdurmada olduğu kimi, hazırkı müharibədə də İranın hava müdafiə sistemi ciddi problemlərlə üzləşib. ABŞ və İsrailə məxsus hərbi təyyarələrin İranın hava məkanında demək olar ki, maneəsiz fəaliyyət göstərməsi və müxtəlif hədəflərə zərbələr endirməsi bu sistemin effektivliyi ilə bağlı ciddi suallar doğurur.

Bəs İranın hava müdafiə sistemi niyə çökdü?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

Politoloq qeyd edib ki, bunun bir neçə səbəbi var:

"İranın Rusiya və Çindən aldıığı hava müdafiə sistemləri işə yaramadı, böyük əskəriyyəti bombardmanlar nəticəsində dağıdıldı. Rusiya və Çinin hava müdafiə sistemlərinin işə yaramadığı ilk dəfə Venesuelada özünü biruzə verdi. Venesuelanın keçmiş lideri Nikolas Maduro Rusiyadan hava müdafiə sistemlərinin alınmasına milyardlarla dollar xərcləmişdi. Ancaq həmin hava müdafiə sistemləri ABŞ helikopterlərinin paytaxt Karakasa enməsinə və Maduronun oğurlanmasına mane ola bilmədilər.

İran Rusiya ilə yanaşı Çindən də hava müdafiə sistemləri almışdı. İranda keçirilən hərbi paradlarda həm Rusiyanın S-300, həm də Çinin JY-27 radar sistemləri, o cümlədən HQ-9B raketləri nümayiş etdirilirdi. Ancaq İranın ABŞ və İsraillə müharibəsində bu radar və raketlər işə yaramadı. İran ABŞ və İsraillə müharibədə özünün istehsal etdiyi dron və ballistik raketlərdən istifadə edir. Əslində Çinin hava müdafiə sistemləri Rusiyanın S-400 və ABŞ-ın Patriot hava müdafiə sistemlərinin oxşarıdır. Bu hava müdafiə sistemləri nəzəri olaraq eyni anda birdən çox hədəfi izləmək və vurmaq üçün daxili radar sistemlərinə malikdirlər. Praktikada isə bunlar özünü doğrultmadı".

Elxan Şahinoğlu vurğulayıb ki, İrana qarşı müharibə Rusiya və Çin istehsalı olan hərbi texnikaya marağı azaldıb:

"Venesueladakı olaylara və İran müharibəsinə qədər müxtəlif dövlətlər, o cümlədən Misir və bir qrup Latın Amerikası ölkəsi Rusiya və Çinin hərbi texnikasını almaq barədə düşünürdülər. Ancaq artıq bu ölkələr Qərb ölkələrinin istehsalı olan hərbi texnikaya maraq göstərməyə başlayıblar".

Seçilən
38
1
turkustan.az

2Mənbələr