Azərbaycan Mərkəzi Asiya ölkələri arasında regional dialoqun və koordinasiyanın ayrılmaz hissəsinə çevrilib.
"Report" xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qafqaz üzrə regional direktoru Alkis Drakinos XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən paneldə bildirib.
Onun sözlərinə görə, son illərdə Mərkəzi Asiyada regional əməkdaşlığın nəzərəçarpacaq dərəcədə güclənməsi müşahidə olunur: "Əgər bir neçə il əvvəl region ölkələri bir-biri ilə, demək olar ki, qarşılıqlı əlaqədə deyildilərsə, islahatlar və siyasətdəki dəyişikliklər sayəsində bu gün onların arasında fəal dialoq və tərəfdaşlıq inkişaf edir".
A.Drakinos qeyd edib ki, bu proses Mərkəzi Asiya çərçivəsindən kənara çıxır: "Regional təşəbbüslərin əlaqələndirilməsinə dair müzakirələrin mühüm iştirakçısına çevrilən Azərbaycan da bu prosesə fəal şəkildə cəlb olunur. Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya ölkələri liderlərinin Məşvərət Görüşünə qoşulub ki, bu da iki region arasında əməkdaşlığın genişləndirilməsində mühüm addım olub".
Onun sözlərinə görə, Azərbaycanın bu formatda iştirakı təkcə siyasi deyil, həm də praktiki qarşılıqlı əlaqələr və birgə layihələrin həyata keçirilməsi səviyyəsində daha sıx koordinasiya üçün zəmin yaradır.