ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Qəbələ, 15 mart, AZƏRTAC
Qəbələ şəhəri Pərviz Osmanov adına 2 nömrəli tam orta məktəbin V “a” sinif şagirdi Alixan Babayevin köklənməyən pianoda möhtəşəm ifası sosial şəbəkələrdə maraqla izlənən videolar sırasındadır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Alixan hazırda Qəbələ şəhər Uşaq İncəsənət məktəbinin II sinif şagirdidir. Onun musiqiyə olan marağı sinif yoldaşlarının deyil, təhsil aldığı məktəb kollektivinin də diqqətindən yayınmayıb.
Bir müddət əvvəl onun oxuduğu təhsil ocağına yeni piano gətiriblərmiş. Bu səbəbdən musiqi aləti köklənməyib. Lakin Alixan fürsət taparaq sinif yoldaşlarına öz məharətini, bacarığını nümayiş etdirib. Onun bu ifasını telefon yaddaşına köçürən müəllimlərdən biri Alixanın istedadını yüksək qiymətləndirib. Qısa müddətdə sinif yoldaşları və məktəb kollektivi arasında məşhurlaşan Alixan ölkədə də tanınıb.
Adəti üzrə o, incəsənət məktəbinə gələndə də dərslərdən əvvəl belə ifaları çox sevir. Öyrəndiyi hər bir notu, musiqi nömrəsini dəfələrlə ifa edərək, müəllimin verdiyi tapşırığı dəqiqliklə yerinə yetirməyə çalışır.
Alixanla dərsarası fasilədə söhbətləşirik. Musiqiyə böyük maraq və həvəs göstərdiyini, müəllimin verdiyi notları öyrənməyi çox sevdiyini bildirir. “İki il əvvəl buraya gələndə musiqi haqda təsəvvürüm az idi. Lakin burada bütün müəllimlər mənə musiqinin gözəlliyini öyrədərək sevdirdilər”- deyən balaca pianoçu ixtisas müəllimi Kəmalə Kərimovaya xüsusi minnətdarlığını bildirir. Çünki Kəmalə xanım onunla dərsdən əlavə vaxtlarda da məşğul olaraq, notları mükəmməl öyrənməsi və ifa etməsi üçün bütün köməyini əsirgəmir.
Təhsildə olduğu kimi, musiqi həyatında da öyrənməyə maraqlı olan balaca Alixan məktəbdəki ifasını belə xatırlayır: “Mənim ən çox sevdiyim əsərlərdən biri Motsarta məxsusdur. Onu ifa etmək istəyirdim. Sinif yoldaşlarıma dedim ki, gəlin birlikdə gedib ifa edək. İlk notlardan hiss etdim ki, piano köklənməyib. Lakin sinif yoldaşlarıma verdiyim sözü geri götürə bilməzdim. Bütün qüvvəmi cəmləyib ifaya başladım və deyəsən alındı”.
Uşaq incəsənət məktəbində Alixan ilk gündən piano ixtisasından dərs deyən Kəmalə Kərimovanın sinfinə yazılıb. Şagirdinin dərslərə məsuliyyətlə yanaşdığını deyən müəllim onun verilən tapşırıqları da məsuliyyətlə yerinə yetirdiyini bildirir. Kəmalə xanım onu da əlavə edir ki, Alixana güvənir və bu ildən onu festivallara hazırlayacaq. O, həmçinin Alixanın ritmik və səs potensialı duyumunu yüksək qiymətləndirir.
Uşaq incəsənət məktəbinin 55 ildən artıqdır fəaliyyət göstərdiyini deyən məktəbin direktoru Əhməd Qəniyev belə istedadlı uşaqların az olmadığını bildirib. O əlavə edib ki, hazırda kollektivdə çalışanların əksəriyyəti elə bu incəsənət məktəbinin yetirmələridir. “Məktəbimiz 1969-cu ildən fəaliyyət göstərir. İlk dəfə 3 ixtisas, 5 müəllimlə fəaliyyətə başlamışıq. Hazırda məktəbimizdə 9 ixtisas üzrə 55 müəllim şagirdlərə musiqinin sirlərini öyrədir. Müəllimlərimizn 90 faizi məktəbimizin yetirmələridir. Məktəbimizdə istedadlı şagirdlərimiz çoxdur.
Direktor söyləyib ki, Qəbələ festivallar şəhəri kimi tanınır və hər il bu şəhərdə bir neçə beynəlxalq musiqi festivalı keçirilir. “İmkan, şərait olduqca məktəbin kollektivi ilə yaradıcı insanların görüşləri, yaxud ustad dərsləri təşkil olunur ki, bu da uşaqların musiqi duyumunun, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. İnanmaq istərdik ki, Alixan da qarşıdakı illərdə Qəbələ musiqi festivalında səhnəyə professional ifaçı kimi çıxacaq və ölkəmizi layiqincə təmsil edəcək”, - deyə o vurğulayıb.
Müxbir - Rasim İslamoğlu






Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.