AZ

“İdman paytaxtı”nın güclü atletləri: Qazaxda ağırlıqqaldırmaya maraq artır REPORTAJ

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qazax, 15 mart, AZƏRTAC

AZƏRTAC-ın “Bölgələrdə idman” layihəsi çərçivəsində növbəti reportajımız ölkəmizin idman həyatında zəngin ənənələri və yüksək nailiyyətləri ilə seçilən Qazax rayonundandır. Bölgə müxbirimizin hazırladığı materialı təqdim edirik:

Qazax rayonunda idmanın müxtəlif sahələri ilə yanaşı, son illər ağırlıqqaldırmaya da gənclər arasında xüsusi maraq var. Ağırlıqqaldırma güc, texnika və iradə tələb edən idman növlərindən biridir. Bu sahədə idmançılar əsasən iki hərəkət – birdən qaldırma və təkanla qaldırma üzrə yarışırlar. Bu idman növü yalnız fiziki gücü deyil, həm də intizamlı və səbirli olmağı tələb edir.

Qazax idmançıları 2025-ci ildə ağırlıqqaldırma idman növü üzrə ölkə çempionatında 34 medal qazanıblar və Qazax komandası yeniyetmə, gənclər və böyüklər arasında respublika üzrə komanda olaraq birinci yerə layiq görülüb.

Rayon gəncləri ağırlıqqaldırma idman növü ilə Olimpiya İdman Kompleksində, N.Nərimanov qəsəbəsində və Çaylı kəndində məşğul olurlar. Həmçinin “Göyəzən” Ağırlıqqaldırma Klubu da idmançıların istifadəsindədir.

Qazax Olimpiya İdman Kompleksində gərgin məşq prosesi davam edir. İdmançılar təcrübəli məşqçilərin rəhbərliyi altında həm fiziki hazırlıqlarını artırır, həm də növbəti yarışlara hazırlaşırlar. Məşqçi Nurlan Məmmədzadə vurğulayır ki, rayonda yeniyetmə və gənclərin ağırlıqqaldırmaya marağı kifayət qədər yüksəkdir. Hazırda bu idman növü ilə məşğul olan 100-dən çox idmançı arasında xanım atletlər də xüsusi fəallıq göstərirlər.

Rayonun bir neçə nöqtəsində məşq zallarının fəaliyyət göstərdiyini deyən məşqçi, idmançıların əsasən Olimpiya İdman Kompleksində toplandığını bildirir: “Uğurlarımız az deyil, beynəlxalq arenalarda sözünü demiş təmsilçilərimiz var. İndi əsas hədəfimiz qarşıdan gələn respublika çempionatı, həmçinin Avropa və dünya birinciliklərində ölkəmizi layiqincə təmsil etməkdir”.

Qazaxda ağırlıqqaldırma idman növünün kütləviləşməsində ixtisaslaşmış idman məktəblərinin və peşəkar məşqçi korpusunun müstəsna rolu var. Müasir standartlara cavab verən idman zalları və məşq mərkəzlərində gənclərə bu çətin idman növünün sirləri peşəkar səviyyədə aşılanır. Keçirilən mütəmadi ustad dərsləri və maarifləndirici tədbirlər yeniyetmələrin idmana marağını stimullaşdırmaqla yanaşı, onların peşəkar idmançı kimi formalaşmasına da töhfə verir.

Rayonda təkcə yerli deyil, həmçinin region və ölkə miqyaslı yarışların təşkili artıq ənənə halını alıb. Xüsusilə Qazax, Ağstafa və Tovuz rayonlarını təmsil edən onlarla gənc atletin qatıldığı turnirlər təcrübə mübadiləsi və sağlam rəqabət üçün mühüm platformadır. “Qazax – İdman paytaxtı 2026” statusu çərçivəsində rayonda idman infrastrukturunun daha da təkmilləşdirilməsi və beynəlxalq səviyyəli mötəbər yarışların keçirilməsi istiqamətində genişmiqyaslı işlər planlaşdırılır.

Gənclərin idman fəaliyyətinə geniş cəlb olunması təkcə fiziki hazırlıq deyil, həm də sağlam cəmiyyətin formalaşması yolunda strateji addımdır. Qazaxda ağırlıqqaldırmanın bugünkü dinamik inkişafı rayonun zəngin idman ənənələrini daha da möhkəmləndirir. Bu sistemli yanaşma və yaradılan şərait, heç şübhəsiz, gələcəkdə dünya və Avropa arenalarında ölkəmizin bayrağını ucaldacaq yeni çempionların yetişməsinə zəmin yaradır.

Bu sahədə uğur qazanan idmançılardan biri olan Muhəmmədəli Məmmədzadə İspaniyanın Madrid şəhərində ötən ilin iyul ayında keçirilən ağırlıqqaldırma üzrə U15 və yeniyetmələr arasında Avropa birinciliyində 88 kiloqram çəki dərəcəsində birdən qaldırma hərəkətində 122 kiloqram dərəcə ilə, ümumi nəticəyə görə isə 269 kiloqram dərəcə ilə 2 gümüş medal qazanıb. Muhəmmədəli deyir ki, bu idman növü ilə 10 yaşından məşğuldur. Hazırda 16 yaşlı idmançı qarşıdan gələn idman yarışlarına ciddi hazırlaşır. “Üçqat Avropa, üçqat respublika mükafatçısıyam. Qazaxda bu idman növü tanınan, seçilən idman növlərindən biridir. Bu idman növünə maraq böyükdür. Şəraitimizə nazirlik, federasiya yaxından köməklik göstərir. Klub rəhbərimiz də hər zaman bizə dəstək olur. Ən böyük arzum isə Olimpiadada qızıl medal qazanmaqdır. Qarşıda bizi may ayında yeniyetmələr arasında respublika birinciliyi gözləyir. Hazırda ciddi şəkildə həmin birinciliyə hazırlaşırıq”, - deyə o əlavə edir.

Ən diqqətçəkən məqamlardan biri isə bu idman növünə qızların da fəal şəkildə qoşulmasıdır. Artıq idman zallarında oğlanlarla yanaşı, qızlar da məşqlərə qatılır, güc və iradələrini nümayiş etdirirlər. Son vaxtlar qızların bu idman növünə marağı xeyli artıb və onların arasında istedadlı idmançılar da var. Bu isə bölgədə ağırlıqqaldırmanın inkişafına və idmanda gender bərabərliyinin formalaşmasına müsbət təsir göstərir.

Uşaq yaşlarından ağırlıqqaldırma ilə maraqlanan Hənifə Məhərrəmli sonra bu idman növü ilə məşğul olmağa başlayıb: “Valideynlərim mənə dəstək oldular və mən də ağırlıqqaldırmada gücümü yoxladım. 3 il yarımdır məşqlərə cəlb olunmuşam. Hədəfim respublika və beynəlxalq yarışlarda uğur qazanmaqdır”.

Beləliklə, Qazax rayonunda ağırlıqqaldırma idman növünə olan maraq kütləvi xarakter alaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün həm oğlanlar, həm də qızlar peşəkar arenalara çıxmaq üçün əzmlə məşq edir, fiziki güclərini artırırlar. İdmançılar üçün yaradılan müasir şərait, ixtisaslaşmış məşq zalları və təcrübəli mütəxəssislərin sonsuz dəstəyi bu sahədə davamlı uğurların qazanılmasına münbit zəmin hazırlayır. Gənclərin idmana bu cür həvəs göstərməsi təkcə sağlam həyat tərzinin təbliği deyil, həm də Qazaxın idman şöhrətini beynəlxalq miqyasda daha da yüksəldəcək yeni çempionlar nəslinin yetişəcəyinə böyük inam yaradır.

Müxbir – Ruslan Novruzoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
azertag.az

1Mənbələr