AZ

TRAMPIN HÖRMÜZ BOĞAZINI AÇMAQ ÜÇÜN RİSKLİ PLANI... İran “ölüm tələsi” strategiyasını işə salıb

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ administrasiyası İranın Hörmüz boğazını bağlamasından sonra regionda hərbi ssenariləri müzakirə etməyə başlayıb. Vaşinqtonda keçirilən müzakirələrdə neft tankerələrinin hərbi gəmilərin müşayiəti ilə boğazdan keçirilməsi, həmçinin İranın sahil bölgələrinə qarşı əməliyyatların keçirilməsi kimi variantlar nəzərdən keçirilir. 

Lakin hərbi ekspertlər xəbərdarlıq edirlər ki, dar keçid və İranın yerləşdirdiyi silah sistemləri səbəbindən bu zona ABŞ donanması üçün ciddi risklər yarada bilər.

Hörmüz boğazında gərginlik artır

“The Wall Street Journal” nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Trump administrasiyası İran tərəfindən bağlanan Hörmüz boğazını yenidən açmaq üçün hərbi variantları qiymətləndirir. Bununla belə, mütəxəssislər hesab edirlər ki, boğazın təhlükəsizliyinin təmin edilməsi böyük hərbi qüvvə və aylarla davam edə biləcək genişmiqyaslı əməliyyat tələb edə bilər.

Dünya enerji ticarətinin ən mühüm tranzit nöqtələrindən biri sayılan Hörmüz boğazının bağlanması qlobal bazarlarda ciddi narahatlıq yaradıb. ABŞ rəhbərliyi isə bu vəziyyətə cavab olaraq bölgədə hərbi tədbirlərin gücləndiriləcəyini açıqlayıb.

ABŞ müdafiə naziri Pete Hegseth ilə birlikdə açıqlama verən Prezident Trump bildirib ki, neft tankerələrinin və ticarət gəmilərinin boğazdan təhlükəsiz keçidini təmin etmək üçün ABŞ donanması xüsusi qoruma əməliyyatlarına başlaya bilər. Onun sözlərinə görə, bu əməliyyatlar “çox yaxın zamanda” start götürə bilər və Vaşinqton digər ölkələri də bu prosesə dəstək verməyə çağırır.

Tanker karvanlarının hərbi müşayiəti planı

Planlaşdırılan ssenariyə görə, ABŞ hərbi gəmiləri neft tankerələri və digər ticarət gəmiləri ilə birlikdə boğazdan keçəcək. Bu zaman mümkün mina təhlükəsinin aradan qaldırılması, həmçinin İran tərəfindən həyata keçirilə biləcək raket, pilotsuz uçuş aparatı və sürətli hücum katerləri ilə hücumların qarşısının alınması əsas məqsəd olacaq.

Hərbi ekspertlərin hesablamalarına görə, belə bir əməliyyat zamanı hər bir tanker üçün təxminən iki hərbi gəmi tələb oluna bilər. Beş-on tankerədən ibarət karvanın təhlükəsizliyini təmin etmək üçün isə ən azı 12 hərbi gəminin iştirak etməsi lazım gələcək.

Bundan əlavə, havada patrul uçuşları həyata keçirəcək ən azı onlarla MQ-9 Reaper tipli pilotsuz uçuş aparatı İranın sahil bölgələrində yerləşdirilmiş raket və dron sistemlərini aşkar edərək məhv etmək üçün istifadə edilə bilər.

“Ölüm tələsi” strategiyası

Ekspertlər xəbərdarlıq edir ki, Hörmüz boğazının ən dar hissəsi cəmi 33 kilometr genişliyindədir. İranın sahil xətti boyunca yerləşdirdiyi gəmi əleyhinə raket sistemləri, kamikadze dronlar, dəniz minaları və sürətli hücum qayıqları bu dar keçiddə hərəkət edən gəmiləri asan hədəfə çevirə bilər.

Bu səbəbdən ABŞ hərbi gəmilərinin tankerələri qorumaq məqsədilə boğaza daxil olması vəziyyəti daha da riskli edə bilər. Analitiklərin fikrincə, İran müxtəlif istiqamətlərdən eyni vaxtda hücumlar təşkil etməklə dar su yolunu böyük donanma üçün təhlükəli döyüş meydanına çevirə bilər.

Məhz buna görə hərbi dairələrdə Hörmüz boğazı mümkün qarşıdurma halında “ölüm tələsi” kimi xarakterizə olunur.

Alternativ variant: İran sahillərində əməliyyat

“The Wall Street Journal”ın məlumatına görə, Vaşinqtonun nəzərdən keçirdiyi digər ssenari isə İranın cənub sahillərində hərbi əməliyyatların keçirilməsidir.

Bu plana əsasən, əvvəlcə boğaza nəzarət edən sahil bölgələrində yerləşdirilmiş raket və pilotsuz sistemlərin zərərsizləşdirilməsi üçün intensiv hava zərbələri endirilə bilər. Daha sonra isə ABŞ dəniz piyadalarının amfibiya əməliyyatı ilə həmin ərazilərə çıxarılması ehtimalı gündəmə gələ bilər.

Lakin hərbi analitiklər belə bir əməliyyatın minlərlə hərbçinin iştirakını tələb edəcəyini və ABŞ qüvvələrinin aylarla İranın hücumları altında qala biləcəyini vurğulayırlar.

Risklər yüksək olaraq qalır

Mütəxəssislərin fikrincə, İran təkcə sahil bölgələrindən deyil, ölkənin daxili ərazilərindən də uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatları vasitəsilə Fars körfəzindəki gəmiləri hədəfə ala bilər. Bu isə hətta sahil xəttinə nəzarət edilməsi halında belə ticarət gəmilərinin təhlükəsizliyinə tam zəmanət verilməsini çətinləşdirir.

Məlumatlara görə, müharibə başlayandan bəri İran körfəz regionunda iki ondan artıq gəmiyə hücum edib.

Enerji və ticarətə ciddi təsir

Dənizçilik analitik şirkəti Lloyd’s List Intelligence bildirir ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi nəticəsində boğazdan keçən tankerələrin sayı normal səviyyənin cəmi 10 faizinə düşə bilər. Bu isə Fars körfəzində gözləyən 600-dən çox ticarət gəmisinin keçidinin aylarla uzanması deməkdir.

Enerji və təhlükəsizlik sahəsində çalışan ekspertlər hesab edir ki, Hörmüz boğazında normal gəmi hərəkətinin bərpası yalnız hərbi tədbirlərlə mümkün olmayacaq. Ticarətin əvvəlki səviyyəyə qayıtması üçün İranla qarşıdurmanın dayanması və Tehranın gəmilərə hücumların dayandırılacağına dair zəmanət verməsi vacib sayılır.

E. İsmayıllı 

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
azpolitika.info

1Mənbələr