Novruz təkcə baharın gəlişini deyil, həm də ümidləri, arzuları və qədim inancları da özü ilə gətirir. Bu bayram günlərində süfrələr bəzənir, səməni cücərdilir, tonqallar qalanır. Amma Novruzu daha da maraqlı edən bir tərəfi də var: xüsusilə gənclərin və qızların sevdiyi qədim fallar. İnsanlar bu fallarla gələcək haqqında kiçik işarələr axtarır, bəzən də sadəcə əyləncəli bir ənənəni yaşadırlar.
"Yeni Sabah" Novruzun qədim fallarını təqdim edir:
Səməni və niyyət
Novruz süfrəsinin əsas rəmzlərindən biri səmənidir. Demək olar ki, hər evdə səməni cücərdilir və cücərdərkən ürəkdə bir niyyət tutulur. İnanca görə, səməni gözəl şəkildə göyərərsə, bu, tutulmuş niyyətin həyata keçəcəyinə işarə sayılır.
Stəkan falı
Bu fal çox sadə, amma maraqlıdır. İki stəkan götürülür və onlardan biri seçilərək ürəkdə arzu tutulur. Başqa biri isə həmin stəkanlardan birinə gizlincə su tökür. Əgər su sizin seçdiyiniz stəkana tökülübsə, deməli, arzu gerçəkləşəcək.
Sap falı
Axır çərşənbədə nişanlı qızlar üçün edilən maraqlı bir fal da var. Bir sapın üzərinə bir neçə düyün vurulur və qıza verilir ki, açsın. Qız düyünləri rahat aça bilsə, deyirlər ki, nişanlısı onu çox sevir. Açmaq çətin olarsa, bunun əksi kimi yozulur.
Başmaq falı
Bu fal xüsusilə qızlar arasında məşhurdur. Axır çərşənbə günü qız sağ ayağındakı başmağı çıxarıb qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi qapıya tərəf düşərsə, inanclara görə həmin qızın bu il qisməti açılacaq.
Xeyir-şər falı
Ürəyinizdə bir niyyət tutursunuz və bir neçə çöpü düzürsünüz. Sonra növbə ilə “xeyir” və “şər” deyə sayırsınız. Əgər sonuncu çöp “xeyir”ə düşərsə, niyyətinizin baş tutacağına inanılır.
Alma falı
Axır çərşənbə günü alma yeyilir və toxumları sayılır. On toxum seçilərək yastığın altına qoyulur və yatılır. İnanca görə, həmin gecə yuxuda insan öz qismətini görə bilər.
Sevgilinin adını tapmaq
Bəzən paltara sap ilişəndə onu şəhadət barmağına dolaya-dolaya əlifbanın hərfləri sayılır. Sap hansı hərfdə qurtararsa, gələcək sevgilinin adının həmin hərflə başlayacağı deyilir.
Yumurta və karandaş falı
Axır çərşənbədə ağacın altına bir yumurta və iki qırmızı, iki qara karandaş qoyulur və arzu tutulur. Səhər yumurtanın üstündə xətt yaranarsa, onun rənginə baxılır. Qırmızı xətt arzuya yaxşı yozulur, qara isə əksinə.
Duzlu kökə adəti
Gecə yatmazdan əvvəl duzlu kökə yeyilir və su içilmir. Deyilənə görə, gecə yuxuda kimsə sizə su verərsə, o insan sizin qismətiniz sayılır.
Qapı pusmaq
Axır çərşənbə axşamı gənclər qonşu qapısının yanında dayanıb içəridən eşidilən ilk sözləri dinləyirlər. Eşidilən sözlər yaxşı məna verərsə, bunu xeyirə yozurlar. Məsələn, “yaxşı olacaq”, “işığı yandır” kimi sözlər uğurlu sayılır.
Neçə yaşında evlənəcəksiniz?
Bir qab su götürülür. Saç telinə üzük keçirilərək suyun üstündən sallanır. Üzük qabın divarına neçə dəfə dəyərsə, həmin yaşda gəlin köçəcəyinə inanılır.
Lal su və iynə falı
Başqa bir maraqlı adət də “lal su” gətirməkdir. Axır çərşənbə axşamı bulaqdan su gətirən adam yol boyu danışmamalıdır. Su qabda hazır olandan sonra iki iynə götürülür, birini qız, birini oğlan niyyəti ilə suya qoyurlar. Əgər iynələr sonda bir-birinə yaxınlaşarsa, həmin insanların qovuşacağına inanılır.
Bu falların çoxu sadəcə qədim ənənə və əyləncə kimi yaşadılır. Amma Novruz gecələrində dostlarla və ailə ilə birlikdə bu cür inancları sınamaq bayramın ab-havasını daha da maraqlı və yaddaqalan edir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız