AZ

Qazaxıstanda referendum baş tutmuş hesab edilib


Qazaxıstanda yeni konstitusiya layihəsi ilə bağlı keçirilən referendumda seçici fəallığı artıq qanunla tələb olunan həddi keçib.
Yeniavaz.com
xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 13:00-a olan nəticələrə əsasən səsvermədə 51,93% seçici iştirak edib.
Komissiyanın katibi Şövkət Ütemişovun brifinqdə açıqladığı məlumatda bildirilir ki, bu vaxta qədər 6 milyon 471 min 378 vətəndaş səs verib. Ümumilikdə referendum üzrə seçici siyahılarına 12 milyon 461 min 796 nəfər daxil edilib.
Qazaxıstanın “Respublika Referendumu haqqında” konstitusiya qanununa əsasən, seçici siyahısına daxil edilmiş vətəndaşların yarıdan çoxu səsvermədə iştirak etdikdə referendum keçərli hesab olunur.
Regionlar üzrə seçici fəallığı fərqli olub. Ən yüksək göstərici Qızılorda vilayətində qeydə alınıb – burada seçicilərin 64,63%-i artıq səs verib. Ən aşağı fəallıq isə ölkənin ən böyük şəhəri olan Almatıda müşahidə olunur, burada iştirak səviyyəsi 21,68% təşkil edir. Paytaxt Astanada isə seçici fəallığı 40,68%-ə çatıb.
Martın 15-də keçirilən referendum ölkənin yeni konstitusiyasının qəbulunu nəzərdə tutur. Layihədə mövcud əsas qanunla müqayisədə bir sıra mühüm dəyişikliklər yer alır. Bunlara vitse-prezident vəzifəsinin yaradılması, ikipalatalı parlament sistemindən birpalatalı parlamentə keçid, qanunvericilik təşəbbüsü hüququ olan ali məşvərətçi qurum – Xalq Şurasının təsis edilməsi və milli qanunvericiliyin beynəlxalq hüquqdan üstünlüyünün təsbit olunması daxildir.
Seçilən
19
yeniavaz.com

1Mənbələr