Müəllif: Tamara Mustafayeva, Banco.az
Tramp: Hörmüz boğazını tezliklə yenidən açacağıq.
Banco.azxəbər verir ki, Donald Tramp sosial media hesabında paylaşdığı açıqlamada ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarla bağlı son hadisələr barədə məlumat verib.
ABŞ prezidenti bildirib: “Xüsusilə İranın Hörmüz boğazını bağlama cəhdindən təsirlənən bir çox ölkə boğazın açıq və təhlükəsiz qalmasını təmin etmək məqsədilə ABŞ ilə koordinasiya şəraitində bölgəyə hərbi gəmilər göndərəcək”.
İranın hərbi imkanlarının tamamilə məhv edildiyini iddia edən Donald Tramp bununla belə qeyd edib ki, Tehran hakimiyyəti hələ də Hörmüz boğazının istənilən nöqtəsinə pilotsuz uçuş aparatı göndərmək, boğaza mina yerləşdirmək və ya qısa mənzilli raket buraxmaq imkanına malikdir.
Donald Tramp bildirib: “Ümid edirik ki, Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Birləşmiş Krallıq və bu süni məhdudiyyətdən təsirlənən digər ölkələr də bölgəyə gəmilər göndərəcək. Beləliklə, hərbi gücü tamamilə iflic vəziyyətinə düşmüş bir dövlətin — İranın — Hörmüz boğazı üzərində artıq təhlükə mənbəyinə çevrilməsinin qarşısı alınacaq”.
Bu müddət ərzində ABŞ-ın İranın sahil xəttini bombardmanlarla tamamilə dağıtmağa və İrana məxsus gəmiləri fasiləsiz şəkildə batırmağa davam edəcəyini qeyd edən Donald Tramp əlavə edib: “Bu və ya digər şəkildə, çox yaxın zamanda Hörmüz boğazını yenidən açıq, təhlükəsiz və sərbəst vəziyyətə gətirəcəyik”.
Bizi sosial şəbəkələrdən izləyin!!