AZ

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının preambulası geosiyasi reallıqlara uyğun olaraq yenidən formalaşdırılmışdır

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının preambulası dəyişdirilib. Yeni redaksiyaya əsasən, Naxçıvan artıq Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi kimi göstərilir. Əvvəllər bu status 1921-ci il Moskva və Qars müqavilələrinə əsaslanırdı. İndi isə hüquqi əsas kimi Azərbaycanın müstəqilliyi və 1995-ci il Konstitusiyası götürülür.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklər Muxtar Respublikanın idarəetmə modelinin Azərbaycan Respublikasının unitar dövlət quruluşuna tam uyğunlaşdırılması və mərkəzi icra hakimiyyətinin şaquli iyerarxiyasının daha da möhkəmləndirilməsi məqsədini daşıyır: “Texniki detallara diqqət etsək, möhtərəm Prezidentin sərəncamı ilə təsdiq edilən Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında təsdiq edilən dəyişikliklər ilk növbədə bu normativ akta iki yeni maddənin əlavə olunması, Konstitusiyanın mətnindən 5-ci maddənin çıxarılması, o cümlədən bir sıra maddələrdə və sənədin preambula hissəsində əhəmiyyətli dəyişiklikləri, habelə Muxtar Respublika Konstitusiyasının bütövlükdə Azərbaycan Respublikasının Konstitusiyasına uyğunlaşdırma, dəqiqləşdirmə və texniki xarakterli dəyişiklikləri ehtiva edir”.

Bəhruz Məhərrəmov

Bəhruz Məhərrəmov qeyd edib ki, ilk növbədə preambuladan başlasaq, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının preambulası geosiyasi reallıqlara uyğun olaraq yenidən formalaşdırılmışdır: “Naxçıvanın muxtariyyət statusunun əsasında Moskva və Qars kimi beynəlxalq müqavilələrdən ziyadə, birbaşa "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" 1991-ci il 30 avqust tarixli Bəyannamə, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktı və ölkəmizin 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsində qəbul edilən cari Konstitusiyasının dayandığı təsbit edilir. Bu da o deməkdir ki, dəyişikliklər, heç şübhəsiz ki, ölkəmizin artan güc, imkan və nüfuzuna söykənən suverenliyinin inikasıdır. Məhz bu hüquqi mövqe davam etdirilərək sənədin preambulasına Azərbaycan Respublikasının Konstitusiyasının 134-cü maddəsinin 3-cü hissəsi rəhbər tutularaq Muxtar Respublikanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə müddəa əlavə edilir”.

Deputat vurğulayıb ki, dəyişikliklərin ən mühüm istiqaməti "hakimiyyətlərin bölgüsü" prinsipinin yerli səviyyədə yenidən tənzimlənməsidir: “Sənədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətli nümayəndəliyi adlı 3-1-ci maddə əlavə edilir və müddəanın məzmununa əsasən, Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən, Prezidentin müəyyən etdiyi səlahiyyətləri həyata keçirən icra orqanı kimi müəyyən edilən səlahiyyətli nümayəndəliyə Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi və birbaşa Prezidentə tabe olan Prezidentin səlahiyyətli nümayəndəsi rəhbərlik edəcək.

Dəyişikliyin digər mühüm istiqaməti Konstitusiyadan "Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi" adlı 5-ci maddənin çıxarılması və aidiyyəti səlahiyyətlərin Azərbaycan Respublikasının Konstitusiyasına və dövlət idarəçiliyində rəhbər tutulan prinsiplərə müvafiq olaraq aidiyyəti orqanlara ötürülməsidir.

Bundan başqa, dəyişikliklə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Ali Məclisə tabe olmayacaq və yeni iş qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək. Həmçinin Muxtar Respublikada yerli icra hakimiyyətlərinin başçılarının Ali Məclisin sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilməsi yeni dəyişikliyin mühüm istiqamətlərindən biridir. Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilmək üçün artıq Muxtar Respublika ərazisində 5 ildən az olmayaraq daimi yaşamaq tələbi də dəyişikliklə aradan qaldırılır.

Eyni zamanda bundan sonra Ali Məclisə seçkiləri Muxtar Respublika Ali Məclisinin sədrinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edəcək, Ali Məclisin sessiyasının qapalı iclaslarının keçirilə bilməsi isə yalnız Prezidentin, Azərbaycan Respublikasının Milli Məclisinin təklifi ilə baş tuta biləcək. Möhtərəm Prezidentin sərəncamı ilə təsdiq edilən qanuna müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin buraxılmasını ehtiva edən 28-1-ci maddə əlavə olunur ki, bu müddəada da Ali Məclisin 31 deputatın tələbi və ya Konstitusiyanın 24, 25, 26 və 27-ci maddələrinin müvafiq bəndlərində nəzərdə tutulan vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması təsbit olunur. Həmçinin Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişiklik və əlavələr artıq konstitusiya qanunları ilə yox, qanunlar şəklində qəbul ediləcək, Muxtar Respublikanın Ali Məclisinin sədrinin aktları isə qərar deyil, sərəncam adlandırılacaq”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
bizimyol.info

1Mənbələr