AZ

Ukrayna genişmiqyaslı hücuma keçdi - Rusiyanın 13 regionu VURULDU

Ukrayna Silahlı Qüvvələri martın 15-nə keçən gecə Rusiya ərazisinə 170 pilotsuz uçuş aparatı (PUA) buraxıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində 13 region zərbə altında qalıb. Krasnodar diyarında dron qalıqlarının düşməsi nəticəsində Tixoretsk şəhərinin ətrafında yerləşən neft bazasında yanğın baş verib. Bu barədə operativ qərargah məlumat yayıb.

Həmçinin dronların fraqmentləri iki yüksək gərginlikli elektrik xəttinə ziyan vurub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd olunur ki, həmin neft anbarı martın 12-də də hücuma məruz qalıb. Anbar “Transneft” şirkətinin strukturuna daxildir və Rusiyanın cənubunda ən iri neft ötürmə məntəqələrindən biri olan Tixoretsk neft qovşağının tərkib hissəsidir.

Bundan başqa, martın 15-nə keçən gecə Belqorod şəhəri və Belqorod rayonu da Ukrayna Silahlı Qüvvələrinin kütləvi raket atəşinə tutulub. Bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Onun sözlərinə görə, zərbələr nəticəsində enerji infrastrukturuna ciddi ziyan dəyib. Nəticədə elektrik enerjisi, su və istilik təchizatında fasilələr yaranıb.

Belqorodda fəaliyyət göstərən “Pepel” nəşri isə hücum zamanı “Luç” istilik-elektrik stansiyasının və daha bir neçə enerji obyektinin hədəf alındığını yazıb.

Volqoqradda isə pilotsuz uçuş aparatlarının hücumu nəticəsində çoxmənzilli yaşayış binasına ziyan dəyib. Bu barədə vilayətin qubernatoru Andrey Boçarov bildirib. Onun sözlərinə görə, binanın pəncərələri sınıb, lakin xəsarət alan olmayıb.

Rostov vilayəti üzərində isə təxminən 40 dronun vurulduğu açıqlanıb. Region rəhbəri Yuri Slyusarın sözlərinə görə, Millerovo, Kamensk-Şaxtinski, Novoşaxtinsk, Şaxtı, Rostov-na-Donu şəhərləri və daha doqquz rayon hücuma məruz qalıb. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Kaluqa vilayətində isə dron qalıqları iki fərdi yaşayış evinə ziyan vurub. Qubernator Vladislav Şapşanın sözlərinə görə, hava hücumundan müdafiə sistemləri ümumilikdə 15 pilotsuz uçuş aparatını məhv edib və hadisə nəticəsində xəsarət alan olmayıb.

Bundan başqa, hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan raket və dronların qalıqları Moskvanın Vnukovo rayonu ətrafına düşüb. Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) məlumatına görə, Vnukovo hava limanı məhdudiyyətlərlə fəaliyyət göstərir və təyyarələrin qəbulu və yola salınması yalnız müvafiq qurumların razılığı ilə həyata keçirilir.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, pilotsuz uçuş aparatları həmçinin Bryansk, Kursk, Saratov, Smolensk, Tver, Tula vilayətləri, Adıgey Respublikası və Krım üzərində də vurulub.

Seçilən
52
news365.az

1Mənbələr