İspaniya və Argentina milli komandaları arasında keçirilməsi planlaşdırılan Finalissima matçı UEFA və KONMEBOL-un ortaq qərarı ilə ləğv olunub.
İdman.Biz “EuroFoot” nəşrinə istinadla xəbər verir ki, UEFA oyunu xilas etmək üçün müxtəlif alternativlər təklif etsə də, bu variantlar rəqib tərəfi qane etməyib.
Qurumun rəsmi bəyanatında deyilir:
“Çox qısa müddətdə belə əhəmiyyətli bir oyunun yerini dəyişməyin çətinliklərinə baxmayaraq, UEFA matçı xilas etmək üçün digər mümkün alternativləri nəzərdən keçirib. Lakin təklif olunan variantların hər biri sonda Argentina Futbol Assosiasiyası (AFA) üçün qəbulolunmaz olub”.
Xatırladaq ki, İspaniya və Argentina arasındakı qarşılaşma ilkin plana əsasən 27 mart 2026-cı il tarixində Qətərin Doha şəhərindəki “Lusail” stadionunda keçirilməli idi. Lakin Yaxın Şərqdəki mövcud vəziyyət oyunun Qətərdə təşkilini qeyri-mümkün edib. Sonradan matçın Madridin “Santyaqo Bernabeu” stadionuna köçürülməsi barədə xəbərlər yayılsa da, tərəflər arasında yekun razılıq əldə olunmayıb.