AZ

Süni intellekt müharibələrin taleyini dəyişir:

Müasir müharibələrdə süni intellekt texnologiyalarının rolu getdikcə artır. Xüsusilə hədəf aşkarlama sistemləri, real vaxt rejimində qərar qəbuletmə mexanizmləri və avtonom silah platformaları artıq hərbi əməliyyatların ayrılmaz hissəsinə çevrilməkdədir. Bu texnologiyalar döyüş əməliyyatlarının sürətini və dəqiqliyini artırsa da, eyni zamanda yeni etik və hüquqi problemləri də gündəmə gətirir.Bəs gələcəkdə hərbi münaqişələrdə süni intellektin rolu necə dəyişəcək? Müasir müharibələrdə süni intellekt texnologiyalarından istifadənin müsbət və mənfi cəhətləri hansılardır? İKT üzrə mütəxəssis Elvin Abbasov Metbuat.az-a açıqlamasında bildirib ki, gələcək 5-10 il ərzində süni intellekt hərbi münaqişələrin sürətini "insan qərarı" limitindən "alqoritmik sürət" səviyyəsinə qaldıracaq. Onun sözlərinə görə, xüsusilə "dron sürüləri" (swarm intelligence) və tam avtonom silah sistemlərinin geniş tətbiqi ilə müharibələr daha az insan itkisi, lakin daha yüksək dəqiqliklə müşayiət olunacaq: “Bu dövrdə qalibi əsgər sayı deyil, məlumatı emal edib ən qısa zamanda hədəfi məhv edən süni intellekt alqoritmləri müəyyən edəcək. Lakin bu texnoloji sıçrayışın müsbət tərəfləri ilə yanaşı, ciddi mənfi riskləri də mövcuddur. Süni intellekt əməliyyat xərclərini azaldıb strateji üstünlük təmin etsə də, "öldürmə qərarı"nın maşın alqoritminə həvalə edilməsi böyük etik və hüquqi boşluqlar yaradır. Alqoritmik səhvlər nəticəsində yaranacaq nəzarətsiz eskalasiya və ya məsuliyyət daşıyacaq tərəfin qeyri-müəyyənliyi gələcək münaqişələri həm daha proqnozlaşdırılmaz, həm də beynəlxalq hüquq müstəvisində idarəolunmaz vəziyyətə gətirə bilər”. Məsələyə hərbi ekspert Emin Həsənli də münasibət bildirib. O, ötən əsrlərin silahlarını xatırladaraq, müasir texnologiyaların hərbi məsələlərə də inteqrasiya etdiyini vurğulayıb: “Min il bundan əvvəl dünyada silahlar yüzillərlə demək olar ki, dəyişmirdi. Yəni qılınc, qalxan, ox və nizədən istifadə olunurdu. Süvari ordularda isə əsasən atlardan istifadə edilirdi. Min illər sonra, orta əsrlərdə odlu silahların yaranması ilə vəziyyət dəyişməyə başladı. Lakin həmin dövrdə də silahlar təxminən yüz ildən, yüz əlli ildən bir yenilənirdi. 20-ci əsrdə bu proses daha da sürətləndi və silahlar təxminən on–on beş ildən bir dəyişməyə başladı. 21-ci əsrdə isə bu dəyişiklik artıq demək olar ki, hər il baş verir. Yaxın gələcəkdə isə bu yenilənmələrin hər ay baş verə biləcəyi ehtimal olunur. Xüsusilə süni intellektdən bir çox sahədə olduğu kimi, hərbi sahədə də istifadə artıq qaçılmaz görünür. Bəzi insanlar hesab edir ki, bu prosesdə insanın rolu azalacaq və bu, təhlükəsizliyi artıracaq. Bu bəzi dövlətlər üçün müəyyən mənada rol oynaya bilər. Lakin əksər hallarda insanı heç nə əvəz edə bilmir. Süni intellektə əsaslanan silahlar elə səhvlər edə bilər ki, bu da böyük faciələrə səbəb ola bilər”.E.Həsənli təəssüflə bildirib ki, dünyada bütün ölkələr hərbi büdcələrini artırırlar. Hamı sülhdən danışır, amma eyni zamanda bu sahədə fəaliyyətini genişləndirir: “Bu proses fonunda Birləşmiş Millətlər Təşkilatının rolu da getdikcə azalır. Albert Eynşteyn kimi dünya miqyasında təsir göstərə bilən böyük alimlərin də artıq əvvəlki kimi təsiri yoxdur. Dünyada elm və texnologiya sürətlə inkişaf edir, lakin ziyalıların, alimlərin, mədəniyyət və idman xadimlərinin bu proseslərə təsiri azalır. Yəni vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının və medianın ictimai rəyi artıq əvvəlki kimi nəzərə alınmır. 20-ci əsrdə bu amillər müəyyən dərəcədə nəzərə alınırdı, amma indi beynəlxalq hüquq və qanunlar daha çox pozulur. Buna görə də dünya çox ağır bir dövrə qədəm qoyub. Hesab edirəm ki, bu proses bir yerdə dayanmalıdır, çünki bu cür davam edə bilməz. Əks halda bu, dünya üçün çox böyük təhlükələr yarada bilər”. Hərbi ekspert Ədalət Verdiyev isə öz açıqlamasında qeyd edib ki, hazırda davam edən müharibə və münaqişələrdə süni intellekt və onun alqoritmlərindən istifadə olunur. Getdikcə bu tendensiya daha da genişlənəcək: “Bir çox pilotsuz vasitələr artıq süni intellekt vasitəsilə düşməni təyin edir, ona zərbə endirir və zərərsizləşdirir. Bundan əlavə, pilotsuz vasitələrin müstəqil şəkildə hədəfi axtarması, aşkarlaması, izləməsi, müşahidə altına alması, ona qarşı silah və sursatdan istifadə etməsi, həmçinin havaya qalxdığı uçuş-enmə zolağına geri qayıtması ilə bağlı kifayət qədər faktlar mövcuddur. Texnologiya inkişaf etdikcə, təbii ki, bu inkişafdan hərbi sahədə istifadə olunan silah sistemləri də yararlanır və zəruri texnoloji elementləri tətbiq edir. Hazırda süni intellekt və onun müxtəlif alqoritmləri inkişaf mərhələsindədir”.
Ə.Verdiyevin sözlərinə görə, gələcəkdə döyüş meydanında robot əsgərləri də görəcəyimiz ehtimal olunur. Artıq onların ilkin versiyaları hazırlanır və bu, müəyyən risklər də yarada bilər: “Çünki süni intellektlə idarə olunan robotun döyüş meydanında əsgərlə mülki əhalini ayırd etməsi, əsir və girovlarla müharibə qanunlarına uyğun davranması kimi məsələlər hələ tam həll olunmayıb. Lakin müəyyən müddətdən sonra bu texnologiyaların da daha da inkişaf edəcəyi gözlənilir. Robot, dron və ümumilikdə pilotsuz sistemlərdən daha geniş istifadə olunacaq. Təbii ki, bunların yaratdığı müəyyən risklər olacaq, amma istənilən halda ölkələr və dövlətlər öz ordularını qorumaq və təhlükəsizliyi təmin etmək üçün bu tip texnologiyalara geniş miqyasda müraciət edəcəklər". Sevinc İbrahimzadə / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.


Seçilən
24
metbuat.az

1Mənbələr