AZ

Braziliyalı qapıçıdan ''Beşiktaş'' etirafı

''Santos''un qapıçısı Qabriel Brazan son açıqlamasında ''Beşiktaş''la bağlı diqqətçəkən etiraf edib.

"Football-plus.az" xəbər verir ki, 25 yaşlı braziliyalı əlcək sahibi qış transfer dönəmində İstanbul nəhəngindən təklif aldığını bildirib:

''Həm ötən ilin yayında, həm də bu il qışda bir sıra mühüm təkliflər aldım. Ən son təklif ''Beşiktaş''dan gəldi. ''Santos'' rəsmiləri ilə görüşərək danışıqlar apardılar. Yaxşı performans sərgilədikdə istər-istəməz başqa klubların maraq dairəsinə düşürsən. Səni izləməyə başlayırlar. Bu durum mənim üçün də keçərlidi. Qərarı klub ilə birlikdə veririk''.

Brazanın bu sözlərindən sonra ''TNT Sports'' ''qartal''ın təklifinin detallarını açıqlayıb. ''Beşiktaş'' bu qapıçıya görə ''Santos''a 7 milyon avro təklif edibmiş. Müqaviləyə sonrakı satışdan 20 faiz pay maddəsi də salınmışdı. Futbolçuya təklif olunan maaş dəqiq bilinməsə də, ona ''Santos''dakından kifayət qədər yüksək illik məvacib təklif olunmuşdu. Təklifin müddəti isə dördillik idi. ''Santos'' rəhbərliyi bir qədər düşündükdən sonra bu təklifi geri çevirdi! Dəyəri təxminən 12 milyon avro civarında olan Brazanın ''Santos''la 2028-ə qədər müqaviləsi var.

Xatırladaq ki, ''Beşiktaş'' qışda Mərt Günok ilə vidalaşdı və ''Roma''nın ehtiyat qapıçısı Devis Vaskesi 6 aylığa icarəyə götürdü. 27 yaşlı kolumbiyalı qapıçı bu mövsüm nə ''Roma''da rəsmi oyuna çıxıb, nə də ''Beşiktaş''da.
Seçilən
26
1
football-plus.az

2Mənbələr