Qazaxıstanın yeni Konstitusiya layihəsi üzrə keçirilən ümumxalq referendumunda xaricdə yaşayan və ya səfərdə olan vətəndaşların səsverməsi davam edir.
APA-nın Astana şəhərinə ezam olunmuş əməkdaşının xəbərinə görə, bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Arman İsetov məlumat verib.
Onun sözlərinə görə, referendum çərçivəsində Qazaxıstanın xaricdəki diplomatik nümayəndəlikləri nəzdində 54 ölkədə 71 səsvermə məntəqəsi fəaliyyət göstərir.
Arman İsetov bildirib ki, xaricdə səsvermə prosesi Astana vaxtı ilə saat 03:00-dan başlayıb. Saat qurşaqları arasındakı fərq nəzərə alınmaqla, saat 19:00-a qədər bütün məntəqələr açılıb və onların 14-ü artıq fəaliyyətini başa çatdırıb.
Nazir müavininin sözlərinə görə, bu vaxta qədər xaricdə yerləşən referendum məntəqələrində ümumilikdə 9050 nəfər səs verib.
Qeyd olunub ki, saat 00:00-dək 64 məntəqə fəaliyyətini başa çatdıracaq. Xaricdə səsvermə prosesi isə ABŞ-ın San-Fransisko şəhərində yerləşən Qazaxıstan Respublikasının Baş Konsulluğu nəzdindəki referendum məntəqəsində Astana vaxtı ilə 16 mart saat 08:00-da yekunlaşacaq.