Rusiyanın paytaxtı Moskvanın Stroqino rayonunda tükürpədici qətl hadisəsi baş verib. “Ural-2” klubunun (İkinci divizion B) 20 yaşlı mərkəz müdafiəçisi Daniil Sekaç telefon fırıldaqçılarının təlimatı ilə 48 yaşlı Yekaterina Çuçupalonu öldürməkdə ittiham olunur.
İdman.Biz xəbər verir ki, istintaqın məlumatına görə, fırıldaqçılar həm futbolçunu, həm də öldürülən qadının 16 yaşlı qızını aldadıblar. Özünü "hüquq-mühafizə orqanlarının əməkdaşı" kimi təqdim edən şəxslər gənc idmançını cinayət məsuliyyətindən yayınmaq adı ilə “əməliyyat tədbiri”ndə iştirak etməyə inandırıblar. Eyni zamanda, qurbanın qızına da zəng edərək, evə gələcək “əməkdaş” üçün qapını açmağı tapşırıblar.
Əlində alətlərlə evə daxil olan Sekaç seyfi sındırmağa başlayıb. Bu zaman evə qayıdan ana ona mane olmağa çalışıb. Futbolçu qadından seyfin kodunu tələb edib, daha sonra onu amansızlıqla döyərək iki bıçaq zərbəsi ilə qətlə yetirib. Seyfdən 2 min ABŞ dollarından (3400 AZN) çox pul və digər qiymətli əşyaları götürən cinayətkar, fırıldaqçıların göstərişi ilə qəniməti pəncərədən çölə atıb.
Məlumata görə, Daniil Sekaç "Lokomotiv" akademiyasının yetirməsidir və 2025-ci ilin yanvarından "Ural-2" komandasında çıxış edir. Klubdan Daniili "sakit və xeyirxah biri" kimi xarakterizə ediblər.
Artıq saxlanılan Sekaç törətdiyi əməli etiraf edib və peşman olduğunu bildirib. Ona qarşı qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.