“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşü paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Maraqlı oyun alındı. “Qəbələ” uduzsa da, onların oyunu mənim xoşuma gəlir. Hakimliklə bağlı onu deyə bilərəm ki, bu cür davam edərsə, hər şey yaxşı olacaq. Qəbələdə çox gözəl futbol mərkəzi var. Stadion superdir. Məşq üçün də çox gözəl meydançaları var.
Bizim avrokuboklara getməməyimiz faciə olmaz, sadəcə xoşagəlməz hadisə olar. Bir neçə namizəd var. Əlimizdən gələni edəcəyik. Hələ 10 tur qalıb. Uğur bizim əl, ayaq və bədənimizdən asılıdır”.
Vernidub ötən turda qarşılaşdıqları “Turan Tovuz”la matçdan sonra rəqibin baş məşqçisi Kurban Berdıyevlə görüşməsinin Ukrayna mətbuatında xoş qarşılanmamasından da söz açıb:
“Yazılanlar mənə maraqlı deyil. Bilmirəm, Berdıyevin neçə pasportu var. Bildiyim qədərilə o, türkməndir. Şəkillərdə nə qoyduğunu da bilmirdim. Qısası, müharibənin ilk günündə necə idimsə, indi də eləyəm. Kimlər ki, bu barədə yazırlar, desinlər görək dörd il ərzində nə ediblər? Mənim 60 yaşım var, nə qədər istəsələr təxribata çəksinlər. Mən futboldayam və işimə davam edirəm”.
