Çexiya ABŞ terminallarında hər il 1,4 milyard kubmetr təbii qazın rezerv edilməsinə dair müqavilə üzrə ilkin razılığa gəlib.
"Far.Az" "ČTK" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çexiyanın Baş nazirinin birinci müavini və sənaye və ticarət naziri Karel Havliçek ABŞ-yə başa çatan səfərinin yekunları üzrə bildirib.
"Çexiya ABŞ terminallarında hər il 1,4 milyard kubmetr qazın bron edilməsinə dair uzunmüddətli anlaşmanı ilkin olaraq razılaşdırıb", - deyə nəşr nazirdən sitat gətirir.
Onun sözlərinə görə, bu razılaşmanın əsas məqsədi enerji təchizatı mənbələrinin genişləndirilməsindən və ölkənin enerji müstəqilliyinin artırılmasından ibarətdir.
"Hazırda "ČEZ" dövlət şirkəti qaz həcmlərinin rezervasiyası haqqında müqavilənin detalları üzrə danışıqlar aparır. Bu, enerji təhlükəsizliyi istiqamətində konkret addımdır. Bunun sayəsində biz Çexiyanın qaz istehlakının 20 %-dən 30 %-ə qədərini təmin edə biləcəyik", - Havliçek vurğulayıb.
"ČTK" qeyd edib ki, hazırda respublika qazı Norveçdən, eləcə də dəniz yolu ilə Niderlanddakı mayeləşdirilmiş təbii qaz terminalı vasitəsilə alır. Gələcəkdə ölkəyə sözügedən tədarükün Almaniya ərazisindəki terminal vasitəsilə də həyata keçirilməsi planlaşdırılır.