İran İslam İnqilabı Keşikçiləri Korpusu Qırmızı dənizdə yerləşən logistika və servis obyektlərinin hərbi hədəf kimi qiymətləndirildiyini açıqlayıb...
Poliqon xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus “Cerald Ford” aviadaşıyıcısına xidmət göstərən logistika və texniki təminat mərkəzlərinin İran Silahlı Qüvvələri tərəfindən potensial hədəflər kimi nəzərdən keçirildiyini bəyan edib. Bu barədə İranın Tasnim xəbər agentliyi SEPAH-ın rəsmi açıqlamasına istinadən məlumat yayıb.
SEPAH-ın bəyanatında qeyd olunub ki, Qırmızı dənizdə yerləşən və ABŞ-nin “Cerald Ford” aviadaşıyıcısının fəaliyyətini təmin edən logistika və servis infrastrukturu İranın hərbi planlaşdırmasında hədəf kimi qiymətləndirilir. Qurumun açıqlamasına görə, regionda ABŞ hərbi mövcudluğunun genişlənməsi İran tərəfindən təhlükə kimi qəbul edilir və buna uyğun cavab tədbirləri nəzərdən keçirilir.
Məlumatda həmçinin bildirilib ki, İran Silahlı Qüvvələri regionda baş verən hərbi fəaliyyətləri diqqətlə izləyir və ölkənin təhlükəsizliyinə təhdid yaradan obyektlərə qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Bundan əvvəl yayılan xəbərlərdə İranın ABŞ və İsraillə davam edən qarşıdurma çərçivəsində ilk dəfə iki mərhələli “Səccil” ballistik raketindən istifadə etdiyi bildirilmişdi. Hərbi analitiklərin fikrincə, bu raket İranın uzaqmənzilli zərbə imkanlarının mühüm elementlərindən biri hesab olunur.
Poliqon.info