AZ

KİV: ABŞ Hörmüz boğazından keçən gəmilərin müşayiəti üçün koalisiya yaratmaq istəyir

BAKI, 16 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyası Hörmüz boğazından keçən kommersiya gəmilərinin müşayiəti üçün ölkələrdən ibarət koalisiyanın yaradıldığını yaxın bir həftə ərzində elan etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Məlumata görə, hazırda gəmilərin müşayiətinin Yaxın Şərqdə hərbi əməliyyatlar başa çatmamışdan əvvəl, yoxsa sonra başlanacağı müzakirə olunur. Koalisiyanın hansı ölkələrdən ibarət olacağı barədə hələlik məlumat verilməyib, yalnız bir neçə dövlətin bu təşəbbüsə qoşulacağı bildirilir.

Qeyd edək ki, martın 2-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru Ebrahim Cəbari Hörmüz boğazının bağlana biləcəyi barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, İsrail və ABŞ-ın hərbi əməliyyatları səbəbindən dünya neft ixracının təxminən beşdə birinin keçdiyi bu strateji su yolundan gəmilərin hərəkəti dayandırıla bilər.

Martın 5-də isə İranın xarici işlər naziri Abbas Əraqçi bəyan etmişdi ki, boğaz bağlanmayıb, lakin gəmilər, o cümlədən tankerlər qarşı tərəflərin mümkün zərbələrindən ehtiyat etdikləri üçün həmin marşrutdan istifadə etməyə cəhd göstərmirlər.

Seçilən
26
1
teleqraf.com

2Mənbələr