AZ

Bakıdan Ankaraya təcili zəng: Kəlbəcərdə mühasirə, helikopter böhranı... Sabiq başçı hər şeyi danışdı

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Elçibəy hökumətində dövlət müşaviri olmuş Arif Hacılının Kəlbəcərlə bağlı paylaşımı o vaxt baş vermiş hadisələri yenidən gündəmə gətirdi. A.Hacılı sosial şəbəkə hesabındakı yazısında Türkiyənin Birinci Qarabağ müharibəsində Kəlbəcərdə mühasirəyə düşən mülki əhalinin çıxarılması üçün helikopter verməkdən imtina etməsi ilə bağlı çoxlu yanlışlıqlar və təhriflər olduğunu bildirib. Onun sözlərinə görə, sabiq Baş nazir Pənah Hüseyn həmin gərgin dövrdə Arif Hacılıya zəng vurub və mülki əhalinin xilas edilməsi üçün Kəlbəcərə vertolyotların göndərilməsinin vacib olduğunu deyib.

Sitat: “O zaman ordumuzda yetərincə olmasa da bu tapşırığı yerinə yetirəcək sayda helikopterlərimiz var idi. Müvafiq qurumlara dərhal helikopterlərin havaya qaldırılması və Kəlbəcər Rayon İcra Hakimiyyəti vasitəsi ilə dəqiqləşdirdiyimiz koordinat üzrə mülki əhalinin təxliyə edilməsi barədə göstəriş verdim. Qısa müddət sonra uçuşun təhlükəli olduğu, həmin günlərdə o ərazidə bir helikopterimizin vurulduğu üçün pilotların uçuşdan imtina etmələri barədə məlumat verildi.

Mülki əhalinin Kəlbəcərdən çıxarılması üçün Türkiyədən yardım istəmək qərarına gəldik. O vaxtkı prezident Əbülfəz Elçibəy Süleyman Dəmirələ zəng vurdu. Dəmirəl çoxsaylı sualları ilə vəziyyəti tam öyrəndikdən sonra Azərbaycana helikopterlər göndərmək barədə qərarın qəbul edilməsi üçün vacib olan prosedurlardan danışdı. Bunun xeyli zaman tələb etdiyini bildirdi”.

Globalinfo.az məsələnin detallarını öyrənmək üçün həmin dövrdə Kəlbəcər rayonunun icra başçısı olmuş İlham Həsən ilə əlaqə saxlayıb. O bildirib ki, son gün helikopter istənməsi məsələsi ilə bağlı hökumətə yardım üçün müraciət edib:

“Kəlbəcər mühasirəyə düşəndən sonra həm Laçın, həm də Ağdərə istiqamətində mövqelərimiz itirilmişdi. Kəlbəcər tam mühasirəyə düşəndə isə artıq Ermənistan tərəfi ilə döyüşlər davam edirdi. Buna görə də məcbur qalıb mərkəzi hakimiyyətdən yardım istədim. Hökumət isə Türkiyədən kömək istəmişdi. Əslində bu məsələni sonradan mərhum Əbülfəz Elçibəydən öyrəndim. Eşitdim ki, Türkiyədən helikopter istəyiblər, lakin Ankara ilə danışığın necə aparıldığını və detalları bilmirəm. Yəqin ki, Arif Hacılı bu barədə daha dəqiq yazıb. Amma o vaxt Azərbaycanda vəziyyət belə idi ki, helikopter pilotları da müəyyən mənada haqlı idilər. Çünki Ağdərə yolu da bağlanmışdı. Onlar qorxurdular, bu səbəbdən uçuşdan imtina edirdilər. Mən isə hökumətə müraciət edirdim ki, ən azı mülki əhalinin çıxarılması üçün yardım göstərilsin və vertolyotlar göndərilsin. Sonradan öyrəndim ki, Prezident Aparatına göstəriş verilib və Yevlaxın icra başçısı mərhum Rafiq Həsənov şəxsən vertolyotlardan birinə minib. O, digərlərini də hərəkətə gətirib və “mən də gedirəm, qorxmayın” deyərək onları Kəlbəcərə gətirmişdi. Geri qayıdanda isə vertolyot qəzaya düşdü, hətta Rafiqin ayağı ağır yaralandı”.

İlham Həsən qeyd edib ki, bu prosesdən sonra daha bir neçə vertolyot gəlib:

“Onların ardınca isə başqa bir vertolyotla Pənah Hüseyn və yanında iki nümayəndə top gətirdilər. Onlar topu endirmək istədilər, amma mən dedim ki, artıq gecdir. Çünki bu, son gün idi. Topu endirtmədim, vertolyotda onların yanına yenə mülki əhalidən yığdıq və geri qaytardıq. Türkiyədən yardım istənilməsi məsələsində isə mənim birbaşa vasitəm olmayıb. O vaxt nə Süleyman Dəmirəllə, nə də Türkiyə hökumətinin nümayəndələri ilə danışmışam. Mən yalnız öz hökumətimizdən, Prezident Aparatından və Nazirlər Kabinetindən yardım istəmişəm. Göndərilən vertolyotlar da bu çərçivədə olub”.

Sabiq başçının sözlərinə görə, Kəlbəcər hadisələri ilə bağlı hələ 1993-1994-cü illərdə istintaqa ifadə verib:

“Xəyanətkarların adlarını çəkmişəm. Təəssüf ki, onların heç biri cəzalandırılmadı. Əksinə, Nəcməddin Sadıqovun vəzifəsi yüksəldi, Surət Hüseynov baş nazir oldu, digər generallar da eyni qaydada. Yəni bu, bir qədər qaranlıq və planlı bir məsələ idi. Kəlbəcərin işğalı, milli hakimiyyətin, yəni Elçibəy hakimiyyətinin devrilməsi üçün hesablanmış planın tərkib hissəsi idi. Sonradan da məlum oldu ki, bu hadisələr tam planlı şəkildə həyata keçirilib”.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü ilin 2 aprel tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Rayon 2020-ci il noyabr ayının 25-də Rusiya-Azərbaycan-Ermənistan arasında imzalanan 10 noyabr sazişinin tələblərinə uyğun olaraq işğaldan azad olunub.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
84
2
globalinfo.az

3Mənbələr