AZ

KİV: İrandakı müharibə Aİ-nin Rusiyaya qarşı sanksiya paketi planlarını iflic edib

BAKI, 16 mart. TELEQRAF

İranda baş verən müharibə Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul etmək planlarını müvəqqəti olaraq iflic edib və yaxın vaxtlarda bu qərarın təsdiqlənməsi üçün Brüsselin şansı demək olar ki, yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə TASS Brüsseldəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, 20-ci sanksiya paketinin əsas müddəalarından biri Avropa şirkətlərinə Rusiya neftinin dəniz yolu ilə daşınması ilə məşğul olmağı və ya bu daşımalar üçün hər hansı xidmət göstərməyi, o cümlədən sığorta xidmətlərini tam qadağan etmək idi.

Diplomat bildirib ki, İrandakı müharibə nəticəsində neft qiymətlərinin kəskin artması və Hörmüz boğazının bloklanması bu paketin qəbuluna yönələn cəhdləri iflic edib.

Onun sözlərinə görə, bu səbəbdən martın 16-da Brüsseldə keçiriləcək Aİ Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyinə 20-ci sanksiya paketinin təsdiqi məsələsi daxil edilməyib.

Diplomat xatırladıb ki, Aİ Rusiya neftinin daşınmasına tam qadağanı “Yeddilər qrupu” (G7) ölkələri ilə razılaşdırmaq niyyətində idi və bu qərar Rusiya nefti üçün tətbiq edilən qiymət tavanı mexanizmini əvəz etməli idi.

Mənbə qeyd edib ki, neft qiymətlərinin artması və münaqişənin nə vaxt bitəcəyi ilə bağlı qeyri-müəyyənlik bu mexanizmin faktiki olaraq iflasa uğramasına gətirib çıxarıb. O əlavə edib ki, ABŞ-ın Rusiyaya qarşı neft sanksiyalarını yumşaltmaq qərarı da bunu təsdiqləyir.

Bununla yanaşı, diplomat bildirib ki, Fransa, Belçika, Niderland və Baltikyanı ölkələr də daxil olmaqla bir sıra Avropa dövlətləri Rusiya nefti ticarətinə təzyiqi başqa üsullarla davam etdirməyi planlaşdırır. Onun sözlərinə görə, bu ölkələr Brüsselin “kölgə donanması” kimi qara siyahıya saldığı xarici bayraq altında üzən tankerələrin saxlanılması kimi addımlara əl ata bilər.

Qeyd edək ki, Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiya paketini fevralın 24-dək qəbul etməyi planlaşdırırdı. Lakin Macarıstan və Slovakiya Kiyevdən “Drujba” neft kəməri ilə Rusiya neftinin tranzitinin bərpasını tələb edərək bu təşəbbüsü bloklamışdı.

Seçilən
81
teleqraf.com

1Mənbələr