AZ

ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir- Quru əməliyyatı baş tuta bilər

BAKI, 16 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın Xark adasında yerləşən neft infrastrukturu üzərində nəzarəti ələ keçirmək məqsədilə hərbi əməliyyat keçirmək ehtimalını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmilərinə istinad edən mənbələr Vaşinqton administrasiyasının İranın Xark adasında yerləşən ən böyük neft anbarlarından birinin ələ keçirilməsi imkanını müzakirə etdiyini bildiriblər. Qeyd olunur ki, belə bir addım ABŞ-nin quru əməliyyatı həyata keçirməsini tələb edə bilər.

Mənbələrin sözlərinə görə, əgər Fars körfəzində tanker gəmilərinin bloklanması davam edərsə, Tramp bu addımı atmağa qərar verə bilər. ABŞ lideri hesab edir ki, Xark adasındakı infrastrukturun ələ keçirilməsi Tehranı neft satışından əldə etdiyi gəlirin böyük hissəsindən məhrum edə bilər.

Bununla yanaşı, Vaşinqton İranın region ölkələrinin neft obyektlərinə cavab zərbələri endirməsindən ehtiyat edir.

“Burada həm böyük risklər, həm də böyük qazanc ehtimalı var. Prezident hələ bu məsələ ilə bağlı qərar verməyib və biz onun bunu mütləq edəcəyini demirik”, - deyə portal mənbənin sözlərini sitat gətirib.

Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Tanqsiri İsrail və ABŞ-ın Xark adasına endirəcəyi növbəti zərbələrin qlobal enerji bazarlarında vəziyyəti ciddi şəkildə mürəkkəbləşdirə biləcəyini bildirmişdi.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp martın 13-də Amerika qüvvələrinin adadakı hərbi obyektlərə güclü zərbə endirdiyini açıqlamışdı. O, həmin vaxt neft infrastrukturu məhv etməmək qərarı verdiyini bildirsə də, Hörmüz boğazında gəmilərin sərbəst və təhlükəsiz hərəkətinə maneə yaradılacağı təqdirdə bu qərarı dəyişə biləcəyini vurğulamışdı.

Seçilən
41
teleqraf.com

1Mənbələr